"Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi münasibətilə konsert keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, professorlar Qəzənfər Paşayev, Mahirə Nağıqızı, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Arzu Nağıyev və Aydın Hüseynov çıxış edərək Mikayıl Azaflının zəngin irsi və aşıq sənətinə verdiyi böyük töhfələrdən söz açıblar.
Tədbirdə Mikayıl Azaflının qızı Aşıq Gülarə Azaflı Azərbaycanın aşıq sənəti sahəsində göstərdiyi misilsiz xidmətlərinə, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindəki əvəzsiz töhfələrinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın aparıcılığı ilə davam edən tədbirdə tanınmış və gənc ifaçılar Mikayıl Azaflı yaradıcılığına müraciət edərək öz çıxışları ilə tamaşaçıların könlünü oxşayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə