Qırğızıstan-Türkiyə Manas Universitetində Qarabağla bağlı tədbir keçirilib - FOTOLAR

Bişkekdə Qırğızıstan-Türkiyə Manas Universitetində Dünya Gənc Türk Yazarlar Birliyinin “Qarabağda 30 illik ekoterror həqiqətləri” layihəsi çərçivəsində tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Manas Universiteti və Azərbaycanın Qırğızıstandakı səfirliyinin tərəfdaşlığı ilə təşkil edilib. Tədbirin əsas məqsədi Qarabağda törədilmiş ekoloji terror həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması olub.

Tədbir Manas Universitetinin prorektoru professor Almaz İbrayevin açılış nitqi ilə başlayıb.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir iştirakçılarına Qarabağda ermənilər tərəfindən 30 il ərzində törədilmiş ekoloji terror faktları haqqında ətraflı məlumat verilib.

Layihə çərçivəsində nəşr olunmuş kitablar paylanıb. Sonda məruzəçilərə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən mükafatlar təqdim edilib.

Mərasimdə diplomatik korpusun təmsilçiləri, elm xadimləri və tələbələr iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə