Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikasında (MR) yerləşən Möminə Xatın türbəsinin ilkin bərpa layihəsi hazırlanıb. SİA-nın məlumatına görə, Möminə Xatın türbəsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” əsasında bərpa olunur.

Türbənin bərpası və yerləşdiyi ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erix Pummer və şirkətin Azərbaycandakı nümayəndəsi Çingiz Neyman-zadə ilə Naxçıvan MR Mədəniyyət Nazirliyində görüş keçirilib.

Görüşdə nazir müavini, nazir vəzifəsinin müvəqqəti icraçısı Həsən Seyidov və Nazirliyin aidiyyəti sahə üzrə əməkdaşları iştirak ediblər.

Şirkətin rəhbərliyi tərəfindən sentyabrın sonlarında Möminə Xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün keçirilmiş ilkin baxışa əsasən hazırlanmış planlar və məlumatlar çap və elektron versiyada təqdim edilib. Qeyd olunub ki, layihə barədə qısa hesabatda abidənin mövcud vəziyyəti əks olunub.

H.Seyidov bildirib ki, Möminə Xatın türbəsi UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə ilkin siyahısına daxildir və bərpası zamanı detallara xüsusilə diqqət yetirilməlidir. Bərpa zamanı abidənin tarixiliyi qorunub saxlanılmalıdır.

Şirkətin rəhbəri Erix Pumer abidənin ilkin formaya uyğun bərpa ediləcəyini və interyerinin tədqiq edilərək uyğun materialın müəyyənləşməli olduğunu diqqətə çatdırıb. Hər bir halda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağını qeyd edib.

Həmçinin bərpa layihəsindəki digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə