Dekabrın 6-dan 10-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Bakı” Müəllif Mahnıları Klubunun (“Baku” MMK) 50 illik yubileyinə həsr olunmuş ikinci Bakı beynəlxalq festival-görüş keçiriləcək. Festival hazırda Azərbaycandan kənarda yaşayan “Bakı” MMK üzvləri, həmçinin “Bakı” MMK-nın hazırkı prezidenti Cavid İmamverdiyev tərəfindən təşkil olunub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, festivalın proqramına dörd konsert daxildir: dekabrın 6-da klubun 50 illik yubileyinə həsr olunmuş böyük yubiley konserti, dekabrın 7-də və 9-da bardlar qısa mahnı blokları ilə çıxış edəcəklər, dekabrın 10-da isə festivalın bağlanışı olacaq. Festivalda Gürcüstan, Rusiya, İsrail, ABŞ, Cənubi Afrika və Polşadan bakılı bardlar və “Bakı” MMK üzvləri çıxış edəcəklər.
“Bakı” MMK-nın prezidenti Cavid İmamverdiyev söhbətində klubun tarixindən danışıb, qarşıdan gələn tədbirin əhəmiyyətini də qeyd edib.
“Bu il Müəllif Mahnıları Klubunun 50 yaşı tamam olur. Bu, unikal yaradıcılıq birliyidir, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - müəllif qeydi) nəzdində həvəskar mahnı klubu kimi yaradılıb. “Bakı” MMK ondan bir qədər sonra ayrılsa da, biz xronologiyamızı ondan başlayırıq. Amma söhbət ondan gedir ki, 50 il əvvəl Bakıda bard hərəkatı başlayıb və 1974-cü ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunda ilk rəsmi bard konserti keçirilib. Klub əvvəlcə Sovet İttifaqında yaxşı tanınan çox parlaq, güclü müəlliflərdən - İbrahim İmaməliyev, Yakov Koqan, Aleksandr Baryudindən ibarət idi. Bir qədər sonra kluba heyrətamiz müəlliflər - Vladimir Rəhimov, Çingiz Bahadov, David Novoqrudski, Aleksandr Markman və Bakı müəllif məktəbini həqiqətən də tərənnüm edən bir çox başqa istedadlı müəlliflər gəldilər. Mən kluba 1988-ci ildə qoşulmuşam və o vaxtdan bütün həyatım bu klubla bağlıdır. 1997-ci ildə mən klubun prezidenti oldum. Düz 20 il əvvəl biz Moskvada klubun 30 illik yubileyinə həsr olunmuş ilk festival-görüş keçirdik. O vaxt Moskvaya dünyanın hər yerindən bakılı müəlliflər gəldilər, biz bir sıra konsertlər verdik. Daha sonra 2007-ci ildən keçirməyə başladığımız Bakı Beynəlxalq Müəllif Mahnısı və Poeziya Festivalı çərçivəsində klubun 35 və 40 illik yubileylərini Bakıda qeyd etdik. Festivalın bu il keçirilməyəcəyi bəlli olanda isə bir çox müəlliflər yenə də öz vəsaitləri hesabına gələcəklərini söylədilər, çünki onlar üçün bu, həyatın vacib hissəsidir. Axı dünyanın müxtəlif yerlərində yaşayan bakılı müəlliflər klubla əlaqələrini kəsməyiblər. Onlar bütün dünyada Bakı bardları kimi çıxış ediblər və çıxış etməkdə davam edirlər. Yəni bizim klub yəqin ki, Sovet İttifaqı dağılandan sonra özünü qoruyub saxlayan yeganə klubdur - biz konsertlər, festivallar, internet konsertlər verməkdə davam edirik. Builki festivala isə altı ölkədən bardlar gələcək. Rəşid Behbudov adına Mahnı Teatrına və sponsor tapmadığım təqdirdə bizə zalı pulsuz verəcəyini bildirən onun direktoru Kazım Qasımova minnətdarlığımı bildirirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə