BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə noyabrın 30-da Vyanada “Austria Center Vienna” konqres mərkəzində sayca 55-ci "Beynəlxalq Festival-Bazar" təşkil olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, xeyriyyə məqsədilə təşkil olunmuş bazarda şəhər sakinlərinə müxtəlif ölkələrin ləziz xörəklərinin dadına baxmaq, milli suvenirlər almaq və folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək imkanı yaradılıb.
Azərbaycanın Avstriyadakı səfirliyi hər il olduğu kimi, bu il də ölkəmizi tədbirdə təmsil edib. Festival-bazarda Azərbaycan üçün qurulmuş ayrıca guşədə milli suvenirlər, xalq sənəti nümunələri, eləcə də məhsullar nümayiş etdirilib.
Xeyriyyə tədbirində müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. "Beynəlxalq Festival-Bazar"da dünyanın 80-dən artıq ölkəsinin milli mətbəxi, suvenir və əl işləri təqdim edilir, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar. Milli folklor qruplarının da iştirak etdiyi bazarda müxtəlif ölkələrin təqdim etdiyi hədiyyələr xeyriyyə məqsədilə lotoreya oyununda uduşa çıxarılır.
BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır və onun Vyana bölməsi sıralarında 100-dən artıq ölkədən beş yüzədək üzvü birləşdirir. Gildiya hər il təşkil olunan festivaldan əldə edilən vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir. Ötən il əldə edilmiş 80 min avroyadək vəsait dünyanın 11 ölkəsində yardım layihələrinə sərf olunub.
UNWG azərbaycanlı üzvləri ilə sıx əməkdaşlıq edir. Bu ilin oktyabr ayında Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində təşkilatın üzvləri üçün Azərbaycan haqqında tanıtım tədbirinin təşkil olunması da bu əməkdaşlığın nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə