Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal əhəmiyyətli tədbir çərçivəsində qonaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə maraqlı bədii proqramlar - konsertlər, sərgilər və təqdimatlar keçirilir. Noyabrın 13-də Heydər Əliyev Sarayında təqdim olunan “Oyanış" adlı konsert proqramı da bu qəbildən idi.
SIA xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi konserti COP29-la bağlı Bakıya gəlmiş onlarla ölkənin dövlət və hökumət başçıları, digər rəsmilər, iqlim üzrə mütəxəssislər izləyiblər.
Qeyd edək ki, “Oyanış” - insanın təbiətlə vəhdətini bərpa edən və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayindir. Yaşadığımız dövrdə hava, su, torpaq və od kimi vacib elementlər yeni düşüncələrə ilham verən mövzulara çevrilib. Buna görə də bu tamaşa suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanış kimi nəzərdə tutulmuşdu. Keşməkeşli tərəqqi yollarında itən bəşəriyyət uzaq keçmişdən bu günə səyahət edən kahinlərin müdrikliyindən nəsihət alaraq hər bir elementin tərkibində təbiətə aid sənət əsərinin olduğuna şahidlik edir. Bütün bunlarla bağlı olan kosmik əlaqələrin dinamikasında təşəkkül tapan müqəddəs kişi və qadın dialektikası Xeyir naminə bəşəriyyətin toxumasını kollektiv səy şəklində bir daha toxuyacaq.
Nəzərə alsaq ki, xalça saysız-hesabsız düyünlərin nəticəsidir, biz də insanlar arasında kollektiv iradə sayəsində əldə edilmiş birliyin gözəlliyini məhz bu formada təsvir edirik. İnsan məhdudiyyətlərinin məhbusuna çevrilmiş Qız qalasının saf ruhlu şahzadəsi onu gizlədən daşlar arasından azad olub “insan olmağı” hər birimizə xatırladaraq bizi bu gözəllik, saflıq və kövrəkliklə ruhlandıracaq. İnsan olmaq həqiqətən də malik olduğumuz kövrəkliyi qəbul etmək deməkdir, amma bu, o demək deyil ki, biz həyat səhnəsində olmalı deyilik. Unutmayaq ki, həyat özü gözəllik kimidir. Əgər ona qayğı göstərilmirsə, haqqı verilmirsə, o, mövcud deyil. Gözəllik həqiqətən də onu seyr edənlərin gözündədir. Buna görə də, hər şeyə yeni nəfəs verilsin deyə bəşəriyyətə təqdim edilən Oyanış yeni dünyanın elçisi kimi rəqsin vəcdi və baharın şövqedici arzusu ilə alovlandırılacaq...
Ölkəmizdən və xaricdən incəsənət ustalarının iştirakı ilə hazırlanan şou-kompozisiyanın dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru və ssenaristi Françesko Bondidir.
Qeyd edək ki, COP29, eyni zamanda, Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsinin təbliği baxımından əlamətdardır. Noyabrın 22-dək davam edəcək sessiya çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə mədəni tədbir və təqdimatlar keçiriləcək.
Həmçinin sessiya çərçivəsində noyabrın 15-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü təşkil olunacaq. Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri – ümumilikdə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Tədbirdə yüksəksəviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunması məqsədilə səylər göstəriləcək.
Noyabrın 16-da isə COP29 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya keçiriləcək. Eyni gündə, həmçinin Azərbaycanın “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə