“Azərbaycana və Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə yenidən qayıtmaq istərdim” - FOTOLAR
Noyabrın 11-də açılış mərasimi keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), həmçinin Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində iştirak etmək məqsədilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasına səfərə gəliblər. SİA xəbər verir ki, səfər çərçivəsində ölkəmizdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviçin xanımı Mirela Beçiroviç, Bosniya və Herseqovina dövləti başçısının müşaviri xanım Dzeneta Omerdiç və onları müşayiət edən nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.
Qonaqları Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov qarşılayıb. Akademik Rafael Hüseynov muzeyin tarixi haqqında qısa məlumat verərək bildirib ki, onlar bu an Azərbaycanın müstəqillik tarixinin yadigarı olan məkandadırlar. Akademik diqqətə çatdırıb ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu binada yerləşmiş, müstəqillik yolu buradan başlanmışdır.
Sonra akademik Rafael Hüseynov Nizami Muzeyinin yalnız Azərbaycan xalqınının söz sənətinin deyil, bütövlükdə ölkənin mədəniyyəti, mənəviyyatı və tarixini əks etdirən bir məkan olduğunu söyləyərək onları muzeyin ekspozisiyası ilə tanış olmağa dəvət edib.
Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlının təqdimatı ilə muzeylə tanış olan Xanım Mirela Beçiroviç Azərbaycan ədəbiyyatının zənginliyindən, Azərbaycan ədəbiyyatının qədim dövrlərdən bu günə kimi keçdiyi şərəfli yolla tanışlığından məmnun qaldığını bildirib. Xanım Mirela Beçiroviç XII əsrdə dünyanın bir çox xalqlarının ədəbiyyatının hələ formalaşdığı çağlarda Azərbaycanın Məhsəti Gəncəvi kimi məşhur şairinin olması, onun öz zəmanəsində azad fikirliliyin carçılarından birinə çevrilməsi, o dövrdə Gəncədə qızlardan ibarət şairələr məclisi təsis etməsi haqda verilən məlumatları maraqla qarşılayıb. Məhz belə amillərin Azərbaycan xalqının hələ əsrlər öncə dünya xalqları arasında, həmçinin mədəniyyət aləmində aparıcı mövqe tutmasının göstəricisi olduğunu söyləyib.
Xanım Mirela Beçiroviç muzeyin rəylər və təəssüratlar kitabında minilləri əhatə edən qədim və əlvan Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində zövqlə, elmi dəqiqliklə təqdimindən razılığını ifadə edərək qeyd edib ki, “Qonaqpərvərliyiniz və maraqlı izahat üçün Sizə təşəkkür edirəm. Ümid edirəm ki, bir daha bura qayıdacağam”.
Sonda muzeyin direktoru akademik Rafael Hüseynov xanım Mirela Beçiroviçə ingilis dilində nəfis nəşr olunmuş, həmçinin müəllifi olduğu Nizami Gəncəvi və digər Azərbaycan ədəbiyyatı klassikləri haqqında kitablarını hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170