“Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 4-5 noyabr tarixlərində 44 günlük Vətən müharibəsində Qələbənin 4-cü ildönümünə həsr olunmuş “Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi keçirildi.

SİA xəbər verir ki, Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim ediblər.

Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyərək yekun qərar veriblər.

Müsabiqə iştirakçılarına diplomlar təqdim olunub. Təqdimatdan sonra iştirakçılarla xatirə şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə