Kanadanın Kalqari şəhərində Avropa Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə “Avropa xalq rəqsləri” beynəlxalq rəqs müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Bolqarıstan, Ruminiya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya və digər Avropa ölkələrinin təmsilçiləri öz milli rəqsləri ilə çıxış ediblər. Çox zəngin ənənələrə malik Azərbaycan rəqs mədəniyyəti bu dəfə də dünya arenasında öz əzəmətini nümayiş etdirərək müsabiqədə birincilik qazanaraq qızıl medala layiq görülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rəqslərin ərsəyə gəlməsində böyük zəhməti olan, onlara quruluş verən Bakı Xoreoqrafiya Akademiyasının məzunu, TÜRKSOY mükafatçısı və Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən fəal gənci” adına layiq görülən Lalə Aslanur məlumat verib.
“Sevindirici haldır ki, Azərbaycanı təmsil edən rəqqasların hamısı Kanadada yaşayan azərbaycanlılardan ibarətdir. Müsabiqəyə 4 ay əvvəl hazırlaşmağa başladıq. Kanadada yaşayan azərbaycanlılar “Mənimlə rəqs et” proqramım əsasında onlayn dərslər çərçivəsində çox ciddi şəkildə hazırlıq keçdilər. İlk turda milli və balet sintezini özündə birləşdirən “Qaval” milli rəqsimiz nağara musiqi alətinin əsrarəngiz ritmləri ilə münsiflər heyətinin böyük marağına səbəb oldu. İkinci turda Azərbaycanı dünyaya tanıdan dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından möhtəşəm rəqs təqdim etdik. Azərbaycan nümayəndə heyətinin möhtəşəm performansı münsiflər heyətinin həmvətənlərimizi 1-ci yerə layiq görülməsi ilə yekunlaşdı. Səhnədə Azərbaycan Bayrağının dalğalanması və rəqqaslarımızın birincilik qazanması rəqs mədəniyyətimizin tarixinə qızıl hərflərlə həkk olundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə