Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi Berlində

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi çərçivəsində növbəti əlamətdar tədbir Berlin şəhərində olub. SİA xəbər verir ki, Şuşa, Gəncə və Şəkidə keçirilən tədbirlərin unudulmaz təəssüratlarından sonra Bəstəkarlar İttifaqının yüksək peşəkarlıq səviyyəsinin nümayişi bu il təkcə bölgələrimizdə deyil, həm də sərhədləri aşaraq xarici ölkələrə də çatmışdır.

Oktyabrın 28-də Azərbaycanın Almaniyadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbir F.Əlizadənin “Zəfər marşı”nın Heydər Əliyev adına Sarayda səslənən videoçarxının nümayişi ilə başlanıb. Müsbət enerjisi ilə dinləyiciləri dərhal özünə cəlb edən marşın zəfər dolu sədaları izdihamlı zalda hərarətlə qarşılanıb.

Sonra Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış edərək, dahi bəstəkar Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti ilə başlayan Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik tarixindən, hazırda bu yaradıcı təşkilatın Azərbaycan bəstəkarlıq məktəbinin inkişafı naminə şərəfli amalı uğurla yerinə yetirməsindən və musiqi mədəniyyətimizi dünya səviyyəsində təbliğ etməsindən ətraflı şəkildə söz açıb.

YUNESKO-nun “Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadə təbrik nitqi çıxış etdikdən sonra tədbir konsert proqramı ilə davam edib. Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi və dirijorluğu ilə Qara Qarayev adına Kamera Orkestri musiqisevərlərə unudulmaz musiqi gecəsi yaşatdı.

Konsert proqramında Azərbaycan professional musiqisinin görkəmli nümayəndələri Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, M.Mirzəyev, A.Zeynallı və F.Əlizadənin şah əsərləri səsləndi, Əməkdar artist, vokalçı İnarə Babayeva və orkestrin konsertmeysteri – violin ifaçısı Rövşən Əmrahov yüksək sənətkarlıq nümayiş etdirdilər.

Maraqla qarşılanan konsertin sonunda tamaşaçıların sürəkli alqışları altında bütün iştirakçılar səhnəyə dəvət olundu və onlara çoxsaylı gül dəstələri təqdim edildi.

Tədbirdən sonra Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev sosial şəbəkədə rəsmi səhifəsində görkəmli bəstəkarımız Firəngiz Əlizadə ilə fotosunu paylaşaraq öz təəssüratlarını belə ifadə etmişdir: “Azərbaycan klassik musiqisinin canlı əfsanəsi Firəngiz Əlizadə. Onun əsərləri Berlin Filarmoniyası da daxil olmaqla, tanınmış Avropa və Amerika orkestrləri, Yo-Yo Ma, Hilary Hahn və Kronos Kvarteti kimi sənətçilər tərəfindən ifa edilmişdir. Qürur!”

Beləliklə, Berlinin mərkəzində Odlar Yurdu Azərbaycanın bəstəkarlıq və ifaçılıq mədəniyyətinin yüksək səviyyəsini bir daha təsdiqləyən ecazkar musiqi sədaları səsləndi. Hazırda yubiley tədbirləri xarici ölkə musiqisevərlərində yeni və daha parlaq təəssüratlar yaratmaqla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə