Oktyabrın 30-da Heydər Əliyev Sarayında tanınmış aktyor, Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, mədəniyyət və teatr xadimlərinin iştirakı ilə keçirilən yubiley gecəsində Xalq artistinin həyat və yaradıcılığından, onun Azərbaycan teatrındakı xidmətlərindən, aktyorluq və pedaqoji fəaliyyətindən ətraflı söz açılıb.
Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib.
Bildirilib ki, İlham Namiq Kamal müxtəlif teatrların səhnəsində yaratdığı biri-birindən maraqlı rolları ilə böyük tamaşaçı məhəbbəti qazanıb. O, uzun illər ərzində qazandığı bu sevginin nəticəsində çağdaş teatr sənətimizin tanınmış nümayəndələrindən birinə çevrilib.
İlham Namiq Kamal hər zaman özünü şanslı aktyor hesab edib. Gəncliyindən bu günə qədər ona istədiyi rolları həvalə ediblər. O isə istedad və bacarığını səfərbər edərək yüksək sənət nümunələri yaradıb. Özünün dediyinə görə, demək olar ki, həsrətində olduğu heç bir obraz yoxdur. Bu haqda söhbət düşəndə zarafatla deyir ki, mən niyə obrazların həsrətini çəkməliyəm, qoy rollar mənim həsrətimi çəksinlər. İlham Namiq Kamal sənətinin formulu budur.
Onun yaradıcılığında yumora və satiraya meyil güclüdür. Lakin bununla belə aktyor ən müxtəlif janrlarda olan əsərlərdə də maraqlı obrazlar yaradıb. Bu obrazlar bir qayda olaraq daxili və xarici rəngarənglik vəhdətində təqdim olunur, onların bədii bütövlüyü tamaşaçını valeh edir. Aktyor obrazın müəllif ideyasına və rejissor yozumuna müvafiq olaraq Cəfər Cabbarlının yazdığı kimi, “nitq cildi”nin və “hərəkət” toplusunun vəhdətində təqdim edir. Teatrda olduğu kimi, ekranda yaratdığı obrazların da bədii bütövlüyünə və xarakter rəngarəngliyinə çalışır.
"Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor tamaşaçıların sevimlisinə çevrilib.
Gecədə 75 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.
Yubilyar bütün iştirakçılara təşəkkürünü çatdırıb və bundan sonra da Azərbaycan teatrının inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə