"TRT serialları 110-dan çox ölkədə 50-dən artıq dildə yayımlanır"

Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin baş direktoru Mehmet Zahid Sobacı "TRT-nin istehsal etdiyi seriallar 110-dan çox ölkədə 50-dən çox dildə yayımlanır" deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin audio və video yaddaşı olan TRT 60 illik yubileyi münasibətilə Asiya-Sakit Okean Yayımları Birliyi (ABU) Baş Assambleyasının iclasları üçün İstanbula gələn ABU nümayəndə heyəti üçün xüsusi qəbul təşkil edib. Görüşdə 60-a yaxın ölkədən 400-dən çox naşir iştirak edib.

Qəbulda çıxış edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı bildirib: “TRT həm yaddaşdır, həm də gələcək. TRT vicdanı sarsıdan böhranlarda hər zaman həqiqətin yanındadır. Media sektorunda liderdir.

Bu gün Türkiyə hamıya ədalətli və yaşana bilən bir dünya üçün var gücü ilə çalışır. Vicdanları dərindən sarsıdan böhranlara bəşəri dəyərlər lehinə həll yolları axtarır. Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün böhranlarda haqqı və gerçəyi ön planda tutan Türkiyənin bu ləyaqətli duruşunun məsuliyyətini ölkəmizin ictimai yayımçısı TRT olaraq hər zaman hiss edir və hər kəslə birlikdə çalışırıq.

Ölkəmizdə istehsal olunan serialların dünyada demək olar ki, bir milyard insana çatdığı bu dövrdə TRT serial sənayesində də liderlik edir.

TRT-nin istehsal etdiyi seriallar 110-dan çox ölkədə 50-dən çox dildə yayımlanır.

2023-cü ilin may ayında “Tabii” beynəlxalq rəqəmsal platformasını istifadəyə verdik.

17 ay kimi qısa müddətdə 6 milyon abunəçini keçən “Tabii” ilə biz öz kanalımızdan gələn orijinal məzmunumuzu bir araya gətiririk. 5 fərqli dildə 40-dan çox orijinal istehsal və 20 min saatdan çox məzmun təqdim edən “Tabii”ni inşaallah, yaxın gələcəkdə bütün dünya tamaşaçıları üçün əlçatan edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə