Bəstəkarlar İttifaqının Şuşada keçirilən bayram plenumu - FOTOLAR

Azərbaycan Bəstəkarlar İttifaqının İslam dünyasının mədəniyyət paytaxtında - Şuşa şəhərində geniş tərkibdə keçirilən plenumu şübhəsiz ki, bu yaradıcılıq təşkilatının 90 illik yubileyinə həsr olunmuş ən təsirli tədbirlərdən biri kimi əhəmiyyətlidir. SİA xəbər verir ki, Bəstəkarlar İttifaqın sədri Xalq artisti F.Əlizadənin rəhbərliyi ilə 40 nəfərdən ibarət nümayəndə heyətinə daxil olan Əməkdar incəsənət xadimi, ittifaqın katibi Z.Qafarova, Xalq artistləri S.Fərəcov və A.Səmədzadə, həmçinin tanınmış bəstəkar və musiqişünaslar oktyabrın 14-15-də İslam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmiş və burada təşkilatın aktual məsələlərini, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün yeni yolların müəyyən olunmasını müzakirə etmişlər.

Plenum öz işinə Xalq artisti F.Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında F.Əlizadənin “Zəfər marşı” video-klipinin nümayişi ilə başlamışdır. Əsərin vətənpərvərlik ruhu dinləyicilərdə mübarizə əzmi yaradaraq, tədbirin gedişatının əsas məramını müəyyənləşdirdi.

Plenum iştirakçılarını salamlayan Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov bu gözəl diyarın bərpası naminə aparılan möhtəşəm quruculuq işlərindən və indiki tarixi dövrü yaşayaraq, bu şəhərdə çalışan insanların ruh yüksəkliyindən bəhs etdi. Xüsusi nümayəndənin məruzəsi böyük diqqətlə dinlənilərək, dəfələrlə sürəkli alqışlarla müşayiət olunurdu, axı onu dinləyənlərin gözləri qarşısında yeni həyatın parlaq lövhələri, yeni maraqlı görüşlər və kəşflər canlanırdı.

Sonra Bəstəkarlar İttifaqının sədri F.Əlizadə çıxış edərək səmimi qəbula görə minnətdarlığını bildirdi. F.Əlizadə ittifaqın tarixindən, həmçinin 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların bu şanlı tarixin yaranmasında rolundan ətraflı söz açdı.

Xalq artisti, bəstəkar S.Fərəcov, Əməkdar incəsənət xadimləri G.Abdullazadə, H.Babayeva və A.Quliyev, fəlsəfə elmləri doktoru M.Hacıyeva sənətşünaslıq üzrə fəlsəfə doktoru G.İsmayılova Bəstəkarlar İttifaqının müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı çıxış etdilər.

Tədbirin səhər sessiyasının zirvəsi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şuşa professional musiqidə” adlı yeni kitabının təqdimatı oldu. Kitabda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərləri toplanaraq, not yazıları və təhlillərlə verilib. Qeyd olundu ki, bu gözəl diyar görkəmli bəstəkarlar Səid Rüstəmov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Firəngiz Əlizadə ilə yanaşı, müasir dövr bəstəkarları - Sərdar Fərəcov, Elnarə Dadaşova, Cavanşir Quliyev, Elza Seyidcahan, Tural Məmmədli, İlahə Qismət, Sevda Məmmədli və digərləri üçün ilham mənbəyi olmuş və olacaqdır.

Bayram Plenumunun axşam konserti tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı ilə rövnəqlənmişdir. Kvartetin üzvləri Azərbaycan musiqisinin şah əsərlərini, o cümlədən Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və F.Əlizadənin məşhur əsərlərini mükəmməl ifa etməklə tamaşaçıların böyük marağına səbəb oldu. Hamıya tanış olan bu əsərlərin Şuşada səslənməsi sanki yeni rəmzi məna daşıyırdı. Buna görə də təsadüfi deyil ki, kvartetin yaddaqalan çıxışından sonra plenumda iştirak edən bəstəkarlar bu musiqi marafonunu bədahətən davam etdirərək, Qarabağa və Şuşaya həsr olunmuş yeni əsərlərini royalda ifa etdilər. Bəstəkarlardan P.Axundova, E.Seyidcahan və S.Məmmədli ifaları ilə tədbirə rəngarənglik gətirdi.

Plenumun ikinci günü - 15 oktyabr Heydər Əliyev Yaradıcılıq Mərkəzinə səfərlə əlamətdar oldu. Mərkəzin direktoru Fəxrəddin Hacıbəyli qonaqları salamlayaraq, onları mərkəzin fəaliyyəti və foto-sərgi ilə tanış etdi. Xalq artisti F.Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının layihələri əsasında hazırlanan yeni nəşrləri Mərkəzə hədiyyə etdi.

Rəsmi açılış mərasiminə hazırlıq mərhələsində olan Üzeyir Hacıbəylinin ev-muzeyinin ziyarət edilməsi nümayəndə heyətini çox təsirləndirdi. Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsinin müavini Elşad Əliyev ittifaqın üzvlərini maraqlı eksponatlarla tanış etdi. Müxtəlif güllərlə və qədim ağaclarla əhatə olunmuş rahat malikanə, şübhəsiz ki, bütün dünya musiqiçilərinin ziyarət etdiyi məkana çevriləcəkdir.

Plenum öz işini daha bir yaddaqalan məkanda - Bülbülün ev-muzeyində yekunlaşdırdı. Burada yaxın keçmişimizdə baş verən müharibənin və vandalizminin izlərini, küldən doğan yeni həyatın canlanmasını görmək mümkün oldu.

Bəstəkarlar İttifaqının nümayəndə heyətinin üzvləri gözəl təəssüratlarla qayıtdılar və bu da şübhəsiz ki, gözəl Şuşa şəhərinin tükənməz enerjisini və nəhəng yaradıcılıq yükünü əks etdirən yeni musiqi əsərlərinin, yeni elmi əsərlərin yaranmasına səbəb olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə