Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yeni tamaşası - FOTOLAR

Artıq özünün 120 illik yubileyinə hazırlaşan və Dərbənddə Azərbaycanın Mədəniyyət qalası olan Dağıstan Azərbaycan Dövlət Dram Teatrı bütün bu illərdə mədəniyyətimiz üçün çox böyük işlər görüb. Və bir vaxtlar bu teatrın yaranmasında Azərbaycanın korifey sənətkarları, başda dahi ədibimiz Əbdürrəhim bəy Haqverdiyev olmaqla çox böyük işlər görüblər...

... Əlbəttə, bəzi səbələrdən teatr bir neçə dəfə bağlansa da amma Dağıstanda yaşayan azərbaycanlı ziyalılarımız bu teatrı yaşatmaq üçün əllərindən gələni ediblər. Mən üç il ( 1997-2000-ci illər) Dağıstanda yaşadığım müddətdə və Dağıstan-Azərbaycan Beynəlmiləl Teatr Truppasına rəhbərlik etdiyim illərdə bunun canlı şahidi olmuşam. Məhz buna görə dağıstanlı azərbaycanlılar mənim yaddaşımda əbədi olaraq, xoş təəssüratlarla qalıblar...

1997-ci ildən yazmağa başladığım və artıq son tamamlama işlərini gördüyüm bədii-sənədli romanım “Sərhədsiz dünyamız” kitabımda bütün bunları ətraflı yazmışam... Orada həmin ziyalılar haqqında geniş məlumat vermişəm. Və Dağıstandan Azərbaycana qayıdandan sonra da teatrın yaradıcı işlərini mütəmadi izləmişəm və onların hər bir uğuruna çox sevinmişəm. Problemlərini də ürək ağrısı ilə qarşılamışam...

... Teatrın son uğurlarından biri də Dağıstan Azərbaycan Dövlət Dram Teatrının hazırladığı məşhur Serbiya ( keçmiş Yuqoslaviya) dramaturqu Miroslav Mitroviçin “Gecə yarısı soyğunçuluq” pyesinin motivləri əsasında hazırlanan “OĞRU” tamaşası oldu...

Bu tamaşanın quruluşçu rejissoru, Rusiyanın Əməkdar artisti Tamerlan Sabanov, rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti və bu teatrın yenicə təyin olunan baş rejissoru Sərvər Əliyev, rəssamı Dağıstan Respublikasının Əməkdar rəssamı Dəmir İsaakovdur.

Bu tamaşadakı rolları teatrın aktyorlarından- Dağısatan Respublikasının Əməkdar artisti Şükufə xanım Məlikova, aktyorlar- Aygün xanım Nəcəfova, Mizəağa Cum-Cum, Osman Mehrabov, Orxan Əliyev ifa ediblər. Onu da vurğulayım ki, Aygün xanım Nəcəfova Azərbaycan Dövlət Konservatoriyasının vokal sinifini bitirib. Oynadığı bu rol teatrda onun ilk işidir. İlk işi də maraqlı alınıb.

Bu maraqlı komediyanın qısa süjeti belədir- Ərinin üzündə poemada ləkəsinin olduğunu görən Səməni, hay- küy salır və tualetə baxmaq istəyir... Tualetdən çıxan oğru özünü (Məsum-Osman Mehrabov) baş direktor kimi təqdim edir...

Maraqlı, kəskin və gülməli vəziyyətlərlə bol olan tamaşanın sonunda direktor ticarət mərkəzindən 1 milyon manat oğurladığını dedikdə oğru, oğurluqdan imtina edir...

Onu da deyim ki, bu tamaşanı hazırlamaq üçün dəvət olunan quruluşçu rejissor Tamerlan Sabanov üzürlü səbəblərdən məşqlərə gələ bilmədiyindən tamaşanı teatrın baş rejissoru Sərvər Əliyev hazırlayıb...
Bu əsərin ilk tamaşası çox yüksək tamaşaçı alqışları ilə keçib...

İkinci premyera 2024-cü ilin oktyabr ayının 21-də olacaq.

Ən maraqlısı budur ki, tamaşanın sonuna qədər bu tamaşanın özünün də oyun içərisində bir oyun olduğu bilinmir...

Belə ki, ticarət mərkəzinə sabah vergidən yoxlama gələcəyini eşidən direktor, gecəni də iş otağında qalıb sənədləri səhmana salmaq fikrinə düşür. Həyatı eyş -işrətlə keçən direktor Musanın, həyat yoldaşı Səməni və sevgilisi Nazı öz telefon zəngləri ilə işləməyə mane olurlar. Ticarət mərkəzindən küllü miqdarda pul oğurlayan direktor öz əməllərini ört- basdır edə bilmir...

Elə bu vaxt ticarət mərkəzinə oğru (Osman Mehrabov) daxil olur. Onun oğru olduğunu bilən direktor (Mirzə Cum-Cum) oğru üçün kassalarında olan pulları və çoxlu əşyaları bağışlayır. Və bu "DOSTLUĞU" qeyd etmək üçün konyak da içirlər...

Dəfələrlə zəng edib direktoru bara çağıran sevgilisi Nazı ( Aygün xanım Nəcəfzadə) göznəlimədən ora gəlir. Onun səsini eşidən direktor oğrunu tualetdə gizlədir. Daha sonra ərindən nigaran qalan direktorun arvadı Səməni (Şükufə xanım Mılikova) bura təşrif buyurur. Direktor, arvadı sevgilisini görməsin deyə Nazını da tualetdə gizlətməli olur...

İnanıram ki, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının kollektivi tezliklə bu tamaşanı Azərbaycana da gətirib, burada oynayacaqlar. Və azərbyacanlı tamaşaçılar da onları alqışlarla qarşılayacaq.

İndi bizim ən böyük məqsədimiz o olmalıdır ki, Dağıstanda Azərbaycanın Mədəniyyət qalası olan bu teatra ələmizdən gələn köməklikləri edək və onların tamaşaları haqqında mətbuatda tez-tez yazılar yazıb, onları təbliğ edək və özlərinin müqəddəs işlərinə həvəsləndirək. Ən əsası isə bu teatrın 120 illik yubileyini Bakıda, dövlət səviyyəsində yüksək səviyyədə təşkil edək.

Əgər belə xeyirxah işi görə bilsək, onda bu teatra Dağıstan Respublikasında da daha böyük maraq olacaq.

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə