“Film sənayesi texnologiyaların inkişafı ilə daim yenilənir” - Orxan Məmmədov
“Ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişaf etdirilməsi, bu istiqamətdə araşdırmaların aparılması, problemlərin həll edilməsi və biznes subyektlərinin cəlb edilməsi istiqamətində “Baku Cinema Breeze” festivalı öz əhəmiyyətini göstərəcək. Film istehsalı yüksək riskli və gəlirli sahədir. Səmərəli idarəetmə həm filmin dividentini artırır, həm də maliyyənin uğurunu təmin edir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, film sənayesinin inkişafı, bura qoyulan sərmayənin artırılması üçün dəstək mexanizmlərinin həyata keçirilməsi çox vacibdir: “Yaradıcı insanların öz layihələrini uğurla həyata keçirməsi üçün potensial investorlarla əlaqə yaratmaq, maliyyə mənbələri axtarmaq və doğru platformalar vasitəsilə layihələrini təqdim etmək olduqca vacibdir. Film sənayesi kinoların istehsalı, yayımı və nümayişi ilə məşğul olan geniş sahədir. Bu sənaye həm əyləncə, həm də bədii yaradıcılıq sahələrini özündə əhatə edir və iqtisadi baxımdan da böyük təsirə malikdir.
Film sənayesi texnologiyaların inkişafı ilə daim yenilənir. Bu baxımdan artıq filmlər daha geniş auditoriyanın diqqətini cəlb edir. Film sənayesinin səmərəli idarə edilməsi üçün büdcə idarəçiliyi, resursların idarə olunması və texnoloji yeniliklərin istifadəsi vacibdir. Bu sahədə uğur əldə etmək üçün həm yaradıcı komandanın olması, həm də maliyyənin düzgün idarə edilməsi əsas şərtdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə