Reza Deqatinin "Caspian Dreams" sərgisi nümayiş etdirilib

Reza Deqati: Sərgi vasitəsilə COP29-un Azərbaycanda keçirilməsi qərarının təsadüfi olmadığını göstərməyə çalışmışam

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində məşhur fotoqraf Reza Deqatinin "Caspian Dreams" sərgisi nümayiş etdirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Reza Deqati müsahibəsində bildirib ki, müasir dövrdə insanlar məlumatları şəkillər, görüntülər vasitəsilə ötürməyə və öyrənməyə üstünlük verirlər: "Hazırkı dövrdə tarixi hadisələr şəkillərlə, görüntülərlə yaddaşa yazılır, onun vasitəsilə dünyanın dörd bir yanına yayılır. Mən də Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunu dünyaya göstərmək niyyətində idim. Müasir dövrün nəbzini tutaraq Bakı üzərindən bunu etmək qərarına gəldim. Bakının hazırda ən görməli yerlərinin 30 il əvvəlki vəziyyəti ilə indiki halı müqayisəli formada şəkillərdə əks olunub. Kiçik bir nümunə böyük dəyişikliklərin hansı formada olduğunu göstərməyə yetərli oldu. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilmə qərarının təsadüfi olmadığını da göstərməyə çalışmışam. Çünki çəkilən şəkillərdə son 30 ildə həm şəhərin ildən-ilə gözəlləşməsi, həm də ətraf mühitinin sağlamlaşdırılması və təbiətin mühafizəsi istiqamətində görülən işləri aydın görmək mümkündür. Sanki COP29-a illər əvvəldən hazırlıq başlayıb. Yəni illərdir qlobal iqlim dəyişikliyi ilə mübarizə aparılır, ətraf mühitin mühafizəsi sahəsində tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə