“Baku Cinema Breeze" festivalının açılışı olub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakıda ilk dəfə "Baku Cinema Breeze" festivalının açılışı olub. SİA xəbər verir ki, festivalın açılış mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Fuad Hüseynov, Kino Agentliyinin baş direktoru Orxan Fikrətoğlu, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

F.Hüseynov çıxışında "Baku Cinema Breeze" beynəlxalq film festivalının ölkəmizdə ilk dəfə genişmiqyaslı festivalları bir araya gətirəcəyini bildirib: “Bu layihənin həyata keçirilməsi Azərbaycan kinematoqrafiyasının inkişafı üçün çox vacib addımdır. Festival mədəniyyətimizi tanıtmaq üçün bir fürsətdir. "Baku Cinema Breeze" kino sənayəyimizin inkişafına töhfə verəcək və kino sahəsində fəaliyyət göstərən yaradıcı şəxslər üçün böyük imkanlar yaradacaq”.

"Baku Cinema Breeze" bugünə qədər ayrı-ayrılıqda təşkil edilən DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, BİFF Bakı Beynəlxalq Film Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı və ANIMAFILM Beynəlxalq Animasiya Festivalı kimi tanınan genişmiqyaslı layihələri bir araya gətirməklə dünya kinematoqrafiyasının şedevrlərini nümayiş etdirmək üçün vahid şəbəkə rolunu oynayır.

Festival çərçivəsində kino sənayesindəki imkanlarını nümayiş etdirən Şərq, həmçinin Mərkəzi Asiya ölkələrinin kino sənayesi bazarı “OMA” kinomarketi təşkil olunacaq.

“Baku Cinema Breeze” festivalı əlavə olaraq ABŞ, Kanada, Hindistan, Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ, Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər ölkələrdən kino sənayesi nümayəndələrini, həmçinin dünya kinematoqrafiyasının tanınmış simalarını Azərbaycanda bir məkana toplayıb.

Festival müddətində şəhərin müxtəlif kinoteatrlarında və məkanlarında paytaxt sakinləri, şəhərimizin qonaqları və ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.

Audiovizual sənayenin inkişafına istiqamətlənən bu tədbir Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.

"Baku Cinema Breeze" layihəsi bu payız Bakının mədəni həyatında əsas hadisə olmağı və təkcə kino mütəxəssislərinin diqqətini deyil, həm də sənətsevərlərin marağını cəlb etməyi hədəfləyir.

Qeyd edək ki, festival oktyabrın 2-dən başlayaraq 8-dək davam edəcək və www.bakucinemabreeze.az saytına daxil olaraq festival barədə daha ətraflı məlumat əldə etmək mümkündür.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə