Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı öz işini davam etdirir - FOTOLAR

Ənənə halını almış Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı öz işini davam etdirir. SİA xəbər verir ki, ölkəmizin müxtəlif məkanlarında festivalla bağlı konfranslar, konsertlər musiqisevərlərin ixtiyarına verilir. Bu minvalla da Bəstəkarlar İttifaqında tədbirlər, konfrans və konsertlər keçirilir. Belə ki, 2024-cü il, 25 sentyabr Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonunda Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera-instrumental konserti oldu.

Konserti giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının dahi sənətkarın irsinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. Firəngiz Əlizadə festival çərçivəsində Bəstəkarlar İttifaqının keçirdiyi tədbirlər haqqında danışaraq hər il bəstəkar və musiqişünasların Üzeyir bəy irsinə dair yeni əsərlər qələmə aldığını diqqətə çatdırdı.

Konsert proqramı Firəngiz Əlizadənin “Landscape” fortepiano əsəri ilə başladı. Təbiət peyzajı ilə bağlı olan bu lirik əsəri London Kral Konservatoriyasının məzunu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva ifa etdi. Konsetrtdə Xalq artisti Sərdar Fərəcovun 2 piano üçün Süita (ilk ifa, ifa edirlər: Leyla Əliyeva, Aynur Xəlilova), Rəna Qədimovanın 2 klarnet üçün “Üç invensiya” (ilk ifa, ifa edirlər: Məmməd Rəcəbli, Şərif Bağırov), Səid Qəninin piano üçün “Kaleydoskop” silsiləsindən Prelüd və Tokkata (İfa edir: Humay Qasımzadə), Xalq artisti Azər Dadaşovun violin və piano üçün “Ariozo” və “İthaf” (ilk ifa, ifa edirlər: Sura Rüfət -violin, Svetlana Əhmədova -piano), Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudovun klarnet və piano üçün Poema (İfa edirlər: Rzazadə Asim -klarnet, Svetlana Əhmədova- piano), Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın 2 violin üçün Miniatür “Şuşa” (ilk ifa, ifa edirlər: Elina İsmət, Aytac Kara), İlham Azmanlının 2 piano üçün Performans “Anlaşılmazlıq”, “Bakı küləyi” (ifa edirlər: Mətanət Azmanlı, İnci Azmanlı) və Sevda Məmmədlinin “Vətən uğrunda” əsərləri səsləndi.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı təqdim olunan musiqi əsərləri haqqında məlumat verərək, Yazıçılar Birliyinin üzvü, şair Oqtay Zəngilanlının Üzeyir bəyə həsr etdiyi “Musiqinin günəşi” şeirindən də bəzi misraları söylədi.

Bütün xəbərlər Facebook səhifəmizdə