Azərbaycan Türkiyədə keçiriləcək kitab sərgisində “Fəxri qonaq” qismində iştirak edəcək - FOTOLAR

Noyabrın 2-dən 10-dək Türkiyədə 41-ci Beynəlxalq İstanbul Kitab Sərgisi keçiriləcək. Azərbaycan bu il ilk dəfə olaraq “Fəxri qonaq” qismində sərgidə iştirak edəcək. Bununla bağlı İstanbulda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin Baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqının İdarə Heyətinin rəhbəri Kenan Kocatürk və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli deyib ki son illər Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə Azərbaycan-Türkiyə kitabxanaları arasında təcrübə mübadiləsi aparılır. Bu sahədə qardaş ölkənin bizə yaxından dəstək olması olduqca mühümdür. Son dörd il ərzində Türkiyə nəşriyyatlarının Azərbaycanda Bakı Beynəlxalq Kitab Sərgisində ardıcıl iştirakı bu sahənin inkişafına da dəstək olub. Azərbaycan bu il tədbirə ilk dəfə on nəşriyyat və ondan artıq yazıçı ilə qatılacaq. Bundan əlavə mədəniyyət sahəsi üzrə digər nümayəndələrimizin iştirakı ilə müxtəlif zəngin proqramlı tədbirlərimiz də nəzərdə tutulub.

Ötən ilin oktyabr ayından etibarən Türkiyədəki səfirliyimizin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını xatırladan Akif Marifli gələcəkdə də iki ölkə arasındakı mədəniyyət sahəsində birgə layihələrin həyata keçiriləcəyini bildirib.

Azərbaycanın ötən il keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etdiyini xatırladan natiq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən artıq 20 sentyabr tarixinin ölkəmizdə Dövlət Suverenliyi Günü olaraq təsis edildiyini bildirib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, TÜYAP sərgi təşkilatçılığı şirkətinin Baş direktoru İlhan Ersözlü, Türkiyə Nəşriyyatçılar İttifaqının İdarə Heyətinin rəhbəri Kenan Kocatürk çıxış edərək ölkələrimiz arasındakı qardaşlıq və sıx əməkdaşlıq bağlarından danışıblar.

Qeyd edək ki, İstanbul Kitab Sərgisində 10-dan çox Azərbaycan nəşriyyatı, yazarlar iştirak edəcək. Türkiyədə Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan ədəbiyyatına dair xüsusi layihələr təqdim edəcək.

TÜYAP sərgi təşkilatçılığı şirkəti ilə Türkiyə Nəşriyyatçılar İttifaqının əməkdaşlığı nəticəsində ərsəyə gələcək sərgidə bu il mindən artıq yerli və xarici yayım evinin iştirakı gözlənilir. Bu il “Uşaqlıq şənlikdir” şüarı altında keçiriləcək sərginin “Fəxri yazıçısı” Türkiyənin uşaq və gənclik ədəbiyyatına böyük töhfə vermiş yazıçı Yalvaç Ural olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə