“Azərbaycan musiqisinin çox böyük imkanları var” - SOSİOLOQ DANIŞDI

“Musiqi ilə bağlı bütün günlər xüsusi əhəmiyyətlidir. Çünki musiqi insanların inkişafında mühüm rol oynayan amildir. Azərbaycan musiqisi çox böyük imkanlara malik musiqidir. Bizim qədim musiqi növümüz aşıq musiqisi hesab olunur. Ozanlar həm də qeyb aləmindən məlumatlar verən insanlar olublar. Uzun müddət ozan musiqisinin inkişafı dayansa da, tamamilə sıradan çıxmadı və inkişafını bərpa etdi”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, aşıq musiqisi xalqımızın həyatında mühüm rol oynayır: “Lakin təəssüf ki, biz aşıq musiqisini layiq olduğu qədər tədqiq etməmişik. Bizim mənəviyyatımızda oynadığı rolu tamamilə işıqlandırmamışıq.

Eyni zamanda muğam da Azərbaycan musiqisində mühüm yer tutur. Bir tərəfdən muğamın qeyri-adi sehri, digər tərəfdən isə aşıq musiqisinin həyatımızdakı rolu Azərbaycan musiqisinin önəmini artırır.

Ötən əsrdə Üzeyir Hacıbəyov, Qara Qarayev kimi bəstəkarlarımız bizə Qərb musiqisinin imkanlarını göstərdi. Azərbaycan musiqisinin çox böyük imkanları var, bunlardan düzgün faydalanmaq lazımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə