Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda Moskva Günü qeyd olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, pavilyonda moskvalılara və Rusiya paytaxtının qonaqlarına Azərbaycan xalq rəqsləri üzrə ustad dərsləri, tematik ekskursiyalar təşkil olunub. Müxtəlif viktorinaların qaliblərinə “Azərbaycan” pavilyonu və tərəfdaşları tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Pavilyonun ticarət zonasındakı bayram yarmarkasında qonaqlar kəklikotu, hil və mixəkli ənənəvi Azərbaycan çayının, milli şirniyyatlarımzın dadına baxıblar. Tədbirin balaca qonaqları isə valideynləri ilə birlikdə Bakı və Moskvaya həsr olunmuş viktorinalarda öz bacarıqlarını sınayıblar. Bundan başqa, qonaqlar Azərbaycan istehsalçılarının məhsullarını əldə etmək imkanı qazanıblar.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova bildirib ki, pavilyonda Moskva Günü ənənəvi olaraq hər il bayram edilir. “Biz iki gözəl şəhəri - Moskva və Bakını birləşdirən müxtəlif layihələr həyata keçiririk. “Azərbaycan” pavilyonu Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ən fəal pavilyonlarındandır. Bu gün biz milli rəqslərimizi təqdim etdik, viktorinamız oldu, Azərbaycanla bağlı suallar səsləndirdik. Uşaqlar üçün təşkil olunmuş rəsm dərslərində Azərbaycan və Bakının rəmzləri əks edilib. Bayram günü fürsətdən istifadə edib, pavilyonumuzun qonaqlarına Azərbaycanın mədəniyyəti, qədim tarixi barədə məlumat verdik”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə