Türkiyənin nağıl dünyası və tarixi incisi - Kapadokiya

Türkiyənin mərkəzində yerləşən və turistlərin diqqətini çəkən Kapadokiya bənzərsiz gözəlliyi, zəngin tarixi və mədəni irsi ilə tanınır. Kapadokiya zamanın və tarixin sınaqlarından çıxaraq bu günə gəlib çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “pəri bacaları” kimi tanınan Kapadokiyanın tarixi çox qədim dövrlərə gedib çıxır. Bu məkan erkən xristian dövrlərində gizli sığınacaq olaraq istifadə edilən geniş mağara kompleksləri ilə çox məşhurdur.

Pəri bacaları (Fairy chimneys) Kapadokiyanın ən tanınmış təbii strukturlarıdır. Vulkanik fəaliyyətdən yaranmış bu qeyri-adi daş formaları, ərazinin simvolu sayılır. Görəmə Açıq Hava Muzeyi isə qədim xristian monastırlarının və kilsələrinin olduğu bir kompleksdir. Mağaranın içində kilsə var və bura freskalar və dini sənət əsərləri ilə zəngindir.

Qədim dövrlərdə strateji mövqeyə sahib olan Uçhisar qalası isə Kapadokiyanın ən yüksək nöqtələrindən biridir və buradan bütün şəhər aydın görünür.

Kapadokiyadakı Dərinkuyu və Kaymaklı yeraltı şəhərləri qədim dövrlərdə sakinlərin düşmən hücumlarından qorunması üçün istifadə etdikləri geniş bir labirint sistemdir. Bu şəhərlər müxtəlif səviyyələrdə mağaralar, yaşayış sahələri və ehtiyat yerləri ilə diqqət çəkir.

Kapadokiya həm də milli parkları ilə zəngindir. Görəmə Milli Parkı da bunlardan biridir. Kapadokiyanın adı UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb.

Mağara evləri ilə tanınan Çavuşin kəndi, şirin suyu ilə tanınan Avanos şəhəri qədim ənənələri ilə, keramika emalatxanaları ilə turistlərin diqqətini cəlb edir.

Kapadokiya ən çox hava balonu uçuşları ilə məşhurdur. Balon uçuşları gün doğan zaman həyata keçirilir və möhtəşəm mənzərə alınır.

Bu məkanı ziyarət edənlər atla gəzə, dağ yürüşləri həyata keçirə bilərlər. Ümumiyyətlə, tarixi ərazi olan Kapadokiya onu ziyarət edənlərə romantik və macəra dolu anlar bəxş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə