“Mədəniyyət hər bir xalqın sosial xarakterini təcəssüm edir” - SOSİOLOQ DANIŞDI

“Xarici ölkələrdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi təqdirəlayiq haldır. Mədəniyyət hər bir xalqın düşüncəsini, şüur və davranış səviyyəsini, sosial xarakterini təcəssüm edir. Bu baxımdan hər bir xalqın mədəniyyət nümunəsi həmin xalq haqqında təsəvvür yaradır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, xalq, onun milli kimliyi barəsində mədəniyyət ümumi bir təsəvvür yaradır: “Buna görə də mədəniyyət günlərinin keçirilməsi məsələsində çox həssas və diqqətli olmalıyıq ki, cəmiyyət, xalqımız haqqında düzgün təsəvvür yaransın. Sözügedən mədəniyyət günlərinə peşəkarlıq baxımından Azərbaycan xalqının uğur hekayələri, tarixi keçmişi, həqiqətlərini özündə ehtiva edən sənət nümunələri təqdim olunmalıdır. Beləliklə mədəniyyət vasitəsilə Azərbaycan həqiqətləri də dünyaya çatdırılmış olur. Bu baxımdan mədəniyyət günlərindən bir fürsət kimi istifadə etmək lazımdır.

Həmçinin mədəniyyət günlərinin keçirilməsi mədəniyyət sahəsində birgə əməkdaşlığa, investisiya baxımından da əhəmiyyət kəsb edir. Hesab edirəm ki, mədəniyyət günlərinin keçirilməsi çox təqdirəlayiqdir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanda da digər ölkələrin mədəniyyət günləri baş tutur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə