“Milli ornamentlərin təbliği məsələsinə xüsusi diqqət ayırmaq lazımdır” - İlham Namiq Kamal ŞƏRH ETDİ

“Bütün sahələrdə, mədəniyyətlə yanaşı, idman sahəsində, gündəlik həyatımızda da milli ornamentlərə yer vermək lazımdır. Düzdür, ara-sıra gənclər arasında xanımların kəlağayıdan istifadə etdiyinə rast gəlmək mümkündür. Bu çox sevindirici haldır. Lakin bütövlükdə milli ornamentlərimiz daha çox Novruz bayramı ərəfəsində üzə çıxır”. Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti İlham Namiq Kamal deyib.

O bildirib ki, Novruz bayramı ərəfəsində efirlərdə aparılar milli ornamentli geyimlərdən istifadə edirlər: “Bu isə təbii ki, “xala, xətrin qalmasın” mənasını özündə əks etdirir. Gündəlik efirlərdə daimi olaraq milli geyimlərdən istifadə etməyə ehtiyac yoxdur. Lakin bəylər kostyumlarının, xanımlar isə geyimlərinin hər hansı bir hissəsində milli ornamentlərdən istifadə edərsə, həm daha gözəl görüntü yaranar, həm də milli dəyərlərimiz unudulmaz. Buna isə kanallarda işləyən rəssamlar xüsusi diqqət ayırmalı, bunun üzərində çalışmalıdırlar. Çünki nəzərə almalıyıq ki, təbliğat ilk olaraq televiziya kanallarından başlayır.

Fransada keçirilən Olimpiya Oyunlarının açılış mərasimində də idmançılarımızın geyimlərində hər hansı milli ornamentlərdən istifadə olunması yaxşı olardı və milli mənəvi dəyərlərimizin dünyada təbliğinə mühüm töhfə verərdi. Yəni, idmançılarımızın əllərində bayrağımız olmasaydı, onların bizim ölkəni təmsil etdiklərini geyimlərindən anlamaq çox çətin olardı.

Qeyd edim ki, bir neçə gün öncə Şamaxının mədəniyyət mərkəzində “Azərbaycanda kəlağayını təbliğ” layihəsi çərçivəsində tədbir keçirildi. Tədbirdə 200-ə yaxın qədim kəlağayı nümayiş olundu, saz havaları ifa olundu. Ümumiyyətlə tədbirdə çıxış edən hər kəs milli geyimdə idi. Düşünürəm ki, milli ornamentlərin təbliği məsələsinə artıq xüsusi diqqət ayırmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə