"Qələbədə payı olan Mahmudum" kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR

“Qələbədə payı olan Mahmudum” kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, kitabın müəlifi yazar Ruhəngiz Nəcəfova qeyd edib ki, kitab Vətən müharibəsi iştirakçısı şəhid baş leytenant Məlikov Mahmud Təhmasib oğlunun 30 illik yubileyinə həsr olunub.

Tədbir Abşeron rayon Məmmədli kənd tam orta məktəbində baş tutmuşdur.

Toplantı Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra çıxış edən natiqlər kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Abşeron rayon Məmmədli kənd tam orta məktəbin direktoru Könül Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri Nəbi İbrahimli, şair Yusif Nəğməkar, ”Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva, şəhid ailələri, hərbiçilər iştirak ediblər.

Bu müqəddəs xatirələr toplusunda ailə üzvlərinin, müəllim, tələbə və döyüş yoldaşlarının Mahmud haqqında xatirələri, fikirlər öz əksini tapıb. Kitab milli-mənəvi dəyərlərin qorunması, şəhidlərimiz haqqında gələcək nəsillərə məlumatların ötürülməsi,gənclərdə vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi məqsədilə qələmə alınmış və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tədbirin gedişində şəhidin doğmaları göz yaşlarına hakim ola bilməyiblər. Çünki kitabın təqdimatı onlar üçün böyük qürur mənbəyi idi. Sonda şəhidin atası Məlikov Təhmasib, anası Məlikova Şölə, bacısı Nəcəfova Arzu tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda kitabın redaktoru, SİA-nın əməkdaşı Söylü Ağazadə "Qızıl qələm" mükafatı ilə təltif olunub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə