Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf, rəqqasə, professor Roza Cəlilova ilə gənclərin görüşü keçiriləcək. SİA xəbər verir ki, tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində 27 iyul, saat 16:00-da Bakı Gənclər Mərkəzində baş tutacaq.
Görüşdə 95 yaşlı sənətkar Roza Cəlilova Azərbaycan rəqs mədəniyyətinin tarixi və inkişafı, müasir dövrümüzdə rəqs sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşəcək, habelə “Azərbaycan rəqs sənəti tarixi: keçdiyimiz yol, ənənələr və müasirlik”, “Ümummilli Lider Heydər Əliyevlə bağlı olan xatirlər” və “Milli rəqs mədəniyyətinin təbliği, gənclərin yaradıcılığının inkişafı” mövzularında panel müzakirə aparılacaq.
Tədbirin bədii hissəsində müxtəlif rəqs kollektivlərinin ifasında kompozisiyalar tamaşaçılara təqdim olunacaq.
“MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə