İyul ayının 19-da İrəvan Dövlət Azərbaycan Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “İrəvanda yanan çıraq” birhissəli mistik tarixi dramını tamaşaçılara təqdim edib. SİA xəbər verir ki, əsərdə Qərbi Azərbaycanlıların tarixi məskənləri olan qədim yurd yerimiz Ermənistan adlandırılan dövlətin ərazisində daima milli mübarizə mücadiləsi aparmaq məcburiyyətində qalmış soydaşlarımızın tutduqları prinsipial mövqe əks olunur. Tamaşada Səfəvi hökmdarı Şah İsmayıl Xətainin Rəvanqulu xanı İrəvan qalasının hakimi təyin edərkən, ona bağışladığı çırağın əbədi işığa çevrilməsi ilə bağlı əmanət sözləri yazıçı Sultan Oğuzun xəyalında canlanır. Ermənilərin xalqımıza qarşı tarixi düşmənçiliyi yazıçı Sultan Oğuzun “İrəvanda yanan çıraq” romanına ədalətsiz münasibət fonunda daha aydın görünür. Sultan Oğuz erməni yazıçısı adı altında ona veriləcək dövlət mükafatından imtina edir. Qara qüvvələrə qarşı qətiyyətlə mübarizəsi ilə erməni millətçilərinin ona qarşı düşmənçiliyinin sərt cavabını verir, məkrli niyyətlərini rüsvay edir. Birlik-bütövlük rəmzi olan İrəvanda yandırılmış çırağı sönməyə qoymur. Səhnə əsəri milli-strateji düşüncəmizi, İrəvan həqiqətləri uğrunda, vətən sevgisi yolunda apardığımız mübarizələrin əzmini, əzəli torpaqlarımıza-Qərbi Azərbaycana qayıdış konsepsiyasının məqsədini, Turan sərhədlərini tamaşaçıya çatdırır.
Modern üslubda dinamik ritmdə - musiqi, hərəkət və rəqs üzərində qurulan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissor assistenti İmaməli İmaməliyev, musiqi tərtiçatçısı Çingiz Xəlilovdur. Rollarda aktyorlar Natiq Həziyev (Sultan Oğuz), Zəki Fətəliyev(Şah İsmayıl Xətai), Müdvər Nemətova(Firəngiz), Əmrulla Nurullayev (Hayqaz; Himayədar) Niyaməddin Səfərəliyev (Usub kişi), Elnarə Heydərova (Qərinə), Samir Əliyev (Emil), Naibə Nemətova (Nairə), Güney Əliyeva (Süsən), Xədicə Məmmədova(Səltənət), Pərvin Dadaşova (I qara üzlü), Sevinc Bəxtiyar (II qara üzlü), Rövşən Cəfərov(Suren), Ramil Məmmədov (Aşot) çıxış edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə