Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında - FOTOLAR

Şimali Kipr Türk Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən sayca 26-cı Bellapais Beynəlxalq musiqi festivalı tarixində ilk dəfə olaraq Azərbaycan da bu möhtəşəm musiqi bayramına qatılıb. SİA xəbər verir ki, festival çərçivəsində Şimali Kiprin Təhlükəsizlik Qüvvələri Komandanlığının nümunəvi hərbi orkestri və Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin rəhbərlik etdiyi yaradıcı qrupun iştirakı ilə Bellapais Monastırında təşkil olunan Azərbaycan - Şimali Kipr dostluğuna həsr olunmuş ədəbi-bədii gecədə böyük qələbəlik yaşanıb.

Bədii proqramı Şimali Kiprin Prezidenti Ersin Tatar, Türkiyə Respublikası Lefkoşa Böyükelçisi Metin Feyzioğlu, Kıbrıs Türk Barış Qüvvələri komandanı, general-leytenant Sebahattin Kılınç, Şimali Kiprin Təhlükəsizlik Qüvvələri komandanı general-leytenant Osman Aytaç, Birləşmiş Millətlər Təşkilatının Şimali Kiprdə qonaq olan nümayəndələri, yüksək çinli hərbi qulluqçular və onların ailə üzvləri, eləcə də mülki vətəndaşlar izləyiblər.

Ədəbi-bədii gecəni idarə edən polkovnik Abdulla Qurbani türk xalqlarının tarixi, milli, mədəni-mənəvi bağlarından danışıb.

Onun “Görüşünə gəlmişəm qalib bir əsgər kimi”, “Yavru Vətənim”, “Quzey Kıbrısım mənim”, “Kıbrıs yunan olamaz” şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümunəvi hərbi orkestr konsertin birinci hissəsində U.C.Erkinin “Köçekçe”, Ali Hocanın “Kıbrıs Süiti” və Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nı ifa edib.

Əməkdar artist Cahangir Qurbanovun təqdim etdiyi Müslüm Maqomayevin “Azərbaycan”, Xalq artisti Vasif Adıgözəlovun “Çanaqqala – 1915” qəhrəmanlıq oratoriyasından fraqmentlər və “Dolama” türk xalq mahnısı böyük maraq doğurub.

Şimali Kiprin Prezidenti festival iştirakçılarına yaradıcılıq uğurları arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini xatırlayıb. Ulu Öndər Heydər Əliyevin zəkasının işığında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunmasından, işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarında quruculuq-abadlıq işlərinin geniş vüsət almasından Şimali Kipr vətəndaşlarının da böyük qürur hissi keçirdiklərini vurğulayıb.

Prezident E.Tatar deyib: “Mənim Bakıya növbəti səfərim zamanı Xocalıda, Əsgəranda, Sərsəngdə Azərbaycan Bayrağı qaldırılırdı. Bu, məni xoşbəxt etdi. Bizim üçün də Şimali Kiprin bayrağının daim dalğalanması çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi “Kipr bayrağı da Türk dövlətlərinin bayraqları sırasında dalğalanacaqdır!” fikirləri dünyaya bir mesaj olmaqla, Şimali Kipr xalqının da böyük ruh yüksəkliyinə səbəb olub. Biz qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanına daim minnətdarıq və ona inanırıq”.

Şimali Kipr Prezidenti çıxışına əlavə edərək deyib: “Biz Oğuz türkləri olaraq, tarixi, mənəvi köklərlə bir-birimizə bağlıyıq. Bu əlaqələrin daha da güclənməsi və gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün birgə səylərimizi əsirgəməyəcəyik. Bugünkü dostluq və qardaşlıq gecəsi bunun parlaq təcəssümüdür”.

Konsertin ikinci hissəsində istedadlı xanəndə Nigar Rəhimova “Laçın”, “Ay Yemeni, Mor Yemeni” və digər Azərbaycan - Kipr xalq mahnılarını ifa edib.

Şimali Kiprin Təhlükəsizlik Qüvvələri komandanlığının nümunəvi hərbi orkestrində ilk dəfə olaraq Azərbaycan tarı və kamançası da yer alıb.

“Böyük Zəfər marşı” (sözləri Abdulla Qurbaninin, musiqisi İlqar Novruzovundur) və Yılmaz Tanerin “Mücahidlər marşı”nı tamaşaçılar ayaqüstə alqışlayıblar.

Oktay Keser və Murat Menket hərbi orkestrə məharətlə dirijorluq ediblər.

Ədəbi-bədii gecənin sonunda Prezident Ersin Tatar yenidən fəxri kürsüyə qalxaraq Azərbaycan və Şimali Kipr sənətçilərinin birgə iştirakı ilə təqdim olunan bədii proqramı dostluq və qardaşlığın təntənəsi kimi dəyərləndirib, A.Qurbaninin Şimali Kiprə həsr etdiyi şeirlərinə görə müəllifə dərin minnətdarlığını bildirib, xatirə hədiyyələri təqdim edib.

Tamaşaçılar Bellapais Monastırında keçirilən Azərbaycan-Şimali Kipr dostluq və qardaşlıq ədəbi-bədii gecəsindən xoş təəssüratlarla ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə