Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bu gün ölkəmizdə başlanan Rusiya Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Sarayında “Rus klassikası” adlı qala-konsert keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdən əvvəl Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Andrey Malışev jurnalistlərə dörd illik fasilədən sonra Bakıya gəldiyinə görə çox şad olduğunu deyib: “Mən uzun müddətdir gözəl Bakıya gəlməmişdim. Ötən zaman ərzində şəhər daha da gözəlləşib. Bütün artistlər buradakı gözəl, mehriban və səmimi atmosferi qeyd edirlər. Bu təkcə havadan, Günəşdən deyil, həm də Azərbaycandan olan qardaşlarımızın ürəyindən gələn istilikdir. Bu gün biz Azərbaycanda 2019-cu ildən keçirilməyən Rusiya Mədəniyyəti Günlərini açırıq. Çox ümid edirəm ki, yenidən başladığımız bu iş bundan sonra da davam etdiriləcək və ənənəvi olaraq hər il keçiriləcək. Gələn il biz, şübhəsiz ki, Rusiyada Azərbaycan Mədəniyyəti Günlərini keçirəcəyik. Bundan əlavə, bu il teatrlaşdırılmış görüşlər də olacaq. Rusiya teatrları Azərbaycana gələcək. Ümid edirəm ki, təkcə Bakıya deyil. Əlbəttə ki, kino sahəsində tədbirlərin, sərgi layihələrinin keçirilməsi planlaşdırılır. Əminəm ki, mədəniyyət və incəsənət sahəsində ölkələrimiz arasında dostluq əlaqələri və əməkdaşlıq yüksək səviyyədə davam etdiriləcək”, - deyə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini bildirib.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov mədəniyyət sahəsində Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib: “Azərbaycanda Rusiya Federasiyasının Mədəniyyət Günləri yüksək səviyyədə keçirilir. Dost Rusiyadan bizə gələn hər bir sənətkarı görməyə ürəkdən şadıq. Azərbaycan-Rusiya münasibətlərinin əsaslandığı qarşılıqlı anlaşma və dostluq, xüsusən də mədəniyyət sahəsində diqqətə layiqdir. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəni əlaqələr də yüksək səviyyəsi ilə xarakterizə olunur və Azərbaycanda rus mədəniyyətinə, Rusiyada isə Azərbaycan mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi, birgə layihələrin həyata keçirilməsi ölkələrimizin mədəniyyət və incəsənət xadimləri arasında əməkdaşlıq üçün əsas amildir”.

Qala-konsertin açılışında dirijor, Rusiya Federasiyasının Əməkdar artisti İvan Rudinin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dahi rus bəstəkarları P.İ.Çaykovski, S.V.Raxmaninov, N.A.Rimski-Korsakov və D.D.Şostakoviçin məşhur əsərlərini ifa edib. Konsertin solistləri Mariya Barakova (mezzo-soprano), Aleksey Melnikov (piano) və Sergey Doqadin (skripka) olublar.

Qeyd edək ki, iyunun 25-də Bakıda Rusiya Mədəniyyət Nazirliyi və “Roskonsert” Federal Dövlət Büdcə Mədəniyyət İnstitutunun dəstəyi ilə Rusiya ilə Azərbaycan arasında humanitar və mədəni əməkdaşlığın gücləndirilməsinə yönəlmiş silsilə tədbirlər təşkil olunacaq.

Rusiya ilə Azərbaycan arasında incəsənət sahəsində mütəmadi olaraq mübadilə layihələrinin keçirilməsinə dair xoş ənənənin bərpası barədə qərar bu ilin mayında Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın Bakıya səfəri zamanı qəbul edilib.

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri çərçivəsində iyunun 25-də də Səməd Vurğun adına Azərbaycan Akademik Rus Dram Teatrının səhnəsində Moskva Quberniya Teatrının “Ailə şəkli” tamaşası nümayiş olunacaq.

Tədbirlər proqramı ustad dərsləri ilə tamamlanacaq. İyunun 25-də Səməd Vurğun adına Rus Dram Teatrında Moskva Quberniya Teatrının aktrisası Alina İvaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün vokal üzrə ustad dərsi keçiriləcək. Eyni zamanda, artistlər Aleksandrin Pitirimov və Natalya Kulikova aktyorluq sənəti üzrə ustad dərsi keçəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə