Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil edilib

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024-2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başlanıb. Bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə aparılır. SİA xəbər verir ki, bu məqsədlə iyunun 24-də Bakı Xoreoqrafiya Akademiyasında media mənsublarınının iştirakı ilə infotur təşkil olunub.

Tədbirdə iştirak edən mədəniyyət və incəsənət nümayəndələri prosesin gedişi ilə yaxından tanış olublar.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə jurnalistlərə açıqlamasında bildirilib ki, bu mərhələdə ümumilikdə 16 mindən çox namizəd bilik və qabiliyyətini nümayiş etdirəcək. “Onlardan 4 mindən çoxu Bakı şəhərinin payına düşür. Imtahan mərhələsi iyunun 30-dək davam edəcək. Burada istedadlı uşaqlarla görüşmək bizə xoş təəssürat bağışladı. Müxtəlif qabiliyyət imtahanlarının keçirilməsinə nəzər yetirdik. Namizədlərin çox həvəsli olduğunun şahidi olduq”,-deyə Xalq artisti əlavə edib.

İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edirlər.

İmtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra üç iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə bildiriş göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə