“Keçirilən mədəniyyət günlərinin formatı dəyişdirilməlidir” - DEPUTAT FİKİR BİLDİRDİ

“Keçirilən mədəniyyət günlərinin formatı dəyişdirilməlidir. Yəni, bir qrup insanın ölkəmizə gəlib konsert verməsi və ya bizim bir qrup mədəniyyət adamlarımızın xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində konsert verməsinə xeyli məsrəf sərf olunur. Hazırda informasiya, texnologiyalar əsrində yaşayırıq və tanınma imkanları daha rahat, həmçinin genişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, virtual tanınma imkanlarını genişləndirmək daha məqsədəuyğun olar: “Özbəkistan qardaş ölkədir, təbii ki, onlar da ölkəmizdə səfərdə olurlar. İki ölkənin mədəniyyətlərinin tanıdılması istiqamətində atılan addımları yalnız müsbət qiymətləndirmək olar. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir və tanınma xarakteri daşıyır. Lakin daha çox virtual tanınma üzərində işimizi qurmalıyıq. Çünki bir mədəniyyət tədbirinin hər hansı ölkənin müəyyən bir şəhərində keçirtdikdə, digər şəhər əhalisinin bununla bağlı tanışlığı olmur. Bu da müəyyən çərçivədə problem yaradır.
Bu səbəbdən də mədəniyyətlərin tanıtımlarının müəyyən internet resursları üzərindən həyata keçirilməsini təmin etmək lazımdır. Bunu həyata keçirmək üçün isə dövlətlər birgə çalışmalı və prosesi dəstəkləməlidirlər.

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət Günləri isə xalqların yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyəti təmsil etmək üçün Özbəkistana yollanan mədəniyyət adamlarımız uğurlu şəkildə bu missiyanı yerinə yetirirlər. Təbii ki, bütün bunlar Azərbaycanın imici və qardaşlığımızın inkişaf etdirilməsi üçün vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə