Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb - FOTOLAR

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də iki ölkənin mədəniyyət nazirləri Ozodbek Nazarbekov ilə Adil Kərimli arasında görüş olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Özbəkistan Forumlar Sarayında gerçəkləşən görüşdə azərbaycanlı həmkarını salamlayan Ozodbek Nazarbekov Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini yenidən ölkəsində görməkdən məmnunluğunu bildirən nazir özbək xalqının Azərbaycan mədəniyyətinə həmişə sevgi və rəğbət bəslədiyini deyib.

İkitərəfli görüşə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli ölkəmizdən incəsənət ustalarının Özbəkistana böyük sevgi və həvəslə gəldiklərini diqqətə çatdırıb.

Qeyd olunub ki, həmin gün Azərbaycan mədəniyyət nazirinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilməsi qardaş ölkənin dövlət başçısının Azərbaycanla münasibətlərə böyük diqqət yetirməsinin və mədəniyyətimizə olan rəğbətinin parlaq təzahürüdür. Bildirilib ki, görüş zamanı Özbəkistan Prezidenti tərəfindən birgə mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb, görkəmli özbək və Azərbaycan şairləri Əlişir Nəvai və Məhəmməd Füzuliyə həsr olunan filmin çəkilməsi ilə bağlı təklif səsləndirilib. Nazirlərin görüşündə dövlət başçısının bu təklifi ilə bağlı müzakirə aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə