Ankarada görkəmli maarifçi Əta Tərzibaşının xatirəsi anılıb

İyunun 10-da Ankarada TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Katibliyində İraqın etnik türkmanlarından olan görkəmli ictimai xadim, maarifçi, yazıçı və şair Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun nümayəndələri də olub.

TÜRKSOY baş katibinin müavini Sayit Yusuf Ə.Tərzibaşının əsərlərinin əhəmiyyətini qeyd edib, əksəriyyəti bu gün Kərkük əyalətində yaşayan İraq türkmanlarının ədəbiyyatının və mədəniyyətinin inkişafına verdiyi töhfəni vurğulayıb.

S.Yusuf deyib ki, TÜRKSOY-un məqsədlərindən biri bütün türk xalqlarının irsinin təbliğ edilməsindən ibarətdir. “1993-cü ildən başlayaraq təşkilatımız türk dünyasının ortaq dəyərlərini qoruyub saxlamağa və təbliğ etməyə çalışır. İraq türkmanlarından olan Əta Tərzibaşının yaradıcılığı birliyimizin təməl daşlarından biridir. Ölkələrimizin belə tarixi şəxsiyyətləri nə qədər çox olarsa, həmrəyliyimiz də bir o qədər güclü olar”, - deyə baş katibin müavini bildirib.

Tədbir çərçivəsində Kərkük Mədəniyyət Cəmiyyətinin sədri, doktor Şəmsəddin Kuzəçinin Əta Tərzibaşının fəaliyyətinə həsr olunmuş kitabı təqdim olunub.

AZƏRTAC ilə söhbətində kitabın müəllifi Azərbaycan mədəniyyətinin ərəb dünyasında təbliğində böyük xidmətləri olan Əta Tərzibaşının Azərbaycana xüsusi münasibətindən danışıb. Onun sözlərinə görə, hələ 1952-ci ildə Əta Tərzibaşı görkəmli Azərbaycan maarifçisi, Mustafa Kamal Atatürkün yaxın silahdaşı Əhməd Ağaoğlu haqqında məqalə yazıb. “Məqalə Misirin məşhur “əl-Risal” nəşrində dərc olunub, 70 ildən artıq müddətdən sonra isə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilərək “Elm” jurnalında, eləcə də bəzi qəzetlərdə çap olunub”, - deyə Ş.Kuzəçi qeyd edib.

Əta Tərzibaşı, eyni zamanda Füzulinin irsi haqqında 22 məqalənin müəllifidir, onun Nəsiminin yaradıcılığı haqqında nəşrlər toplusu çapdan çıxıb. Onun kitabları dünyanın altı ölkəsində, o cümlədən Azərbaycanda dərc olunub. O, ərəb və türk dillərində 550 məqalənin və çoxsaylı kitabların müəllifidir. Əta Tərzibaşı 2016-cı il 31 martda İraqda vəfat edib və Kərkükdə dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə