Gürcüstanda aşıq və sazbəndlik sənətini yaşadan insan...

Azərbaycanda olduğu kimi, Gürcüstanda da aşıq sənətinə böyük hörmət və sevgi var. Bu ölkədə yaşayan soydaşlarımız şifahi xalq yaradıcılığının əsas qollarından biri olan aşıq sənətinə olduqca yüksək qiymət verir, saza milli sərvət nümunəsi kimi yanaşırlar. Azərbaycanlı icma bu gün də aşıq sənətini yaşadır, onun gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirir. Soydaşlarımız üçün saz havası ana laylası qədər əziz və müqəddəsdir. Bu alətə hər bir azərbaycanlı ailədə böyük hörmət bəslənilir, hətta yeni doğulan körpənin adına saz bağlanır, uşaqlar ana laylası ilə yanaşı, aşıq havalarının sədaları altında böyüyürlər.

Gürcüstanda saz hazırlayan bir nəfər var, o da sazbənd Bafəli Adıgözəlovdur.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, B.Adıgözəlov deyib ki, Gürcüstanda sazın-sözün, musiqi və mədəniyyətimizin qorunub yaşadılmasında böyük işlər görüb, aşıq sənətinin inkişafı və təbliğində böyük xidmətlər göstərib. O, saz, zurna ifaçısı olmasına baxmayaraq sazbəndlik sənətini də sevib və dərindən öyrənib.

Bu sənəti yaşatmağı özünə borc bilən B.Adıgözəlov sazı böyük məharət və bacarıqla hazırlayır. Onun hazırladığı bu musiqi alətinə təkcə Gürcüstanda deyil, Azərbaycanda, Türkiyədə və digər türkdilli ölkələrdə də maraq göstərənlər var. Məhz bunun nəticəsidir ki, B.Adıgözəlovun fəaliyyətinə dövlət səviyyəsində qiymət verilib. Onun bu fəaliyyəti, eləcə də iki dost ölkə arasında ədəbi-mədəni əlaqələrin, həmçinin Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfə diqqətdən kənarda qalmayıb. O, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Bu mükafatın sevincini indi də yaşayan B.Adıgözəlov göstərilən diqqət və qayğıya görə ailəsi adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edir. O deyib: “Bu medal təkcə mənə deyil, Azərbaycan Prezidentinin Gürcüstanda yaşayan soydaşlarımıza, sənət adamlarına göstərdiyi diqqətin bariz nümunəsidir”.

Bafəli usta sazbəndlik sənətinə marağın olmamasından çox narahatdır: “Təəssüf ki, bu gün sazbəndlik sənətinə maraq azdır. Mən heç kimdən maddi maraq güdmədən bu sənəti öyrədərəm, istək olsun yetər, təki sənət yaşasın”.

O, sazbənd sənətinin inkişafı üçün Marneulidə müasir tipli emalatxanaya ehtiyac olduğunu da qeyd edib. Bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri ilə söhbət olub.

“Ümidvaram ki, Dövlət Komitəsinin dəstəyi ilə aşıq sənətinin təməli olan sazbəndlik də yeni nəslin şagird kimi yetişməsinə öz töhfəsini verəcək” – deyə B.Adıgözəlov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə