Azərbaycan Memarlıq Məktəbinin Banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani

Azərbaycanın orta əsr memarlıq inciləri ölkə sərhədləri daxilində,eləcə də onun hüdudlarından kənarda Yaxın və Orta Şərq regionunda təsir dairəsinə malik olmuşdur.İslam dövrü memarlığının monumental nümunələri, əsasən XII-XIV əsrlərdə özünün inkşaf zirvəsini fəth etdiyi üçün, bu dövr memarlığın, eləcə də incəsənətin intibah dövrü adlandırılır. Orta əsr memarlıq sənətinin şah əsərləri Möminə xatın, Yusif Küseyroğlu, Qarabağlar, Bərdə türbələri, Naxçıvan Cümə məscidi və s. memarlıq şərhi, daş nəqqaşlığı, konstruktiv xüsusiyyətləri baxımından orta əsr Azərbaycan memarlığının ümumi üslub sistemini formalaşdırmışdır.

Hələ islamın yayıldığı ilk illərdə Xəlifə Ömər Küfədə birinci məscidin tikintisini Azərbaycandan çağırdığı memara tapşırmışdır. "Azərbaycan ərazisindəki memarlıq abidələrinin heç birində indiyədək gəlmə memarın,yadelli sənətkarın adı aşkar edilmədiyi halda çoxlu azərbaycanlı memar, xəttat, nəqqaş və başqa tikinti ustalarının İslam Şərqinin müxtəlif ölkələrinin monumental abidələrində idiyəcən qalmaqdadır”. Amasyada 1233-1246-cı illərdə inşa olunmuş məscidin kitabədsində memar-Məhəmməd Mahmud oğlu Araninin, Türkiyədə təbrizli Hacı Bəxtiyarın, mağaralı Həsən Firuz oğlunun,mərəndli Əhməd Əbubəkr oğlunun, XIV əsrdə Moskva Kremlinin inşasında şamaxılı Əliş Sübhan oğlu Kərimlinin adı bir sıra yazılı mənbələrdə hallanır.

XII əsrin əvvəllərində Naxçıvan şəhərinin qüvvətli Atabəylər dövlətinin paytaxtına çevrilməsi ilə onun əhəmiyyəti olduqca artır, burada sənətkarlıq və inşaat xeyli genişlənir. Yerli ənənələrin ümumi Azərbaycan memarlığına xas cəhətlərlə birləşməsindən, bariz siması olan bir memarlıq məktəbi yaranır. Qısa müddət ərzində Naxçıvan sənətkarları qarşısında duran memarlıq-inşaat problemlərini müvəffəqiyyətlə həll edərək Azərbaycan memarlığının ən yüksək zirvələrini təşkil edən əsərlər yaratmağa nail olur və Yaxın Şərq ölkələri memarlığında ön mövqedə durur.

Memar Əcəmi yaradıcılığı dünən, bu gün, gələcəkdə də bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham mənbəyidir. Müəllif olduğu memarlıq abidələri ilə zəngin kompozisiyası, istəsə də ifadə etdiyi mənaya görə dünyanın diqqətini cəlb edir.

Əcəmi ibn Əbubəkr Naxçıvani Azərbaycan mədəniyyətinin inkşaf etdiyi bir vaxtda-XII əsrdə Naxçıvanda yaşayıb. Həmin dövrdəki intibah özünü həm memarlıq, həm də ədəbiyyatda göstərirdi. XII əsr dahi Azərbaycan şairi və mütəffəkkir Nizami Gəncəvinin 880 illk yubileyi 2021-ci ildə ölkəmizdə geniş şəkildə qeyd olundu. Bu dövrün parlayan ulduzlarından biri də memarlıq sahəsinə yenilik gətirən Əcəmi Naxçıvani idi. O Naxçıvan ki, Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamış, Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmış “şeyx-ul-mühəndis” (mühəndislərin başçısı) ləqəbini almışdı.

Naxçıvan şəhərinin mərkəzində yüksələn Möminə xatın, Yusif Küsyr oğlu türbələri görünüşü,zəngin memarlıq elementləri ilə ziyarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələr sırasına daxil olan Möminə xatın türbəsində Memar Əcəminin ustalığı və müdrikliyi aydın duyulur. XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlardan sayılan Möminə xatının şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb.1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya,qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır.

Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlarda belə qadın ucalığını,qadın möhtəşəmliyini və zərafətini duyur və hiss edir. Möminə xatın türbəsi təkcə Azərbaycan memarlığında deyil,ümumən islam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir.Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi,zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Abidənin baştağında kufi xətlə yazılan “Biz gedirik, əsər qalır yadigar” misraları isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatın kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq.

Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir; “Bu abidənin qiyməti yoxdur.Möminə xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu,doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərmişdir. Bu təkcə memarlığın zənginliyini yox,dövlətçiliyin nə qədər zəngin olduğunu nə qədər möhkəm olduğunu da göstərir”. Ulu Öndərin bu səfərindən sonra, onun göstərişi ilə abidə əsaslı şəkildə bərpa olunub, bu addım xalqımızın zəngin tarixinə, mədəniyyətinə, tarixi köklərinə qayıdışında, onu dərk etməsində mühüm rol oynayıb. Bu əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrdəki dövlətçilik tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. Möminə xatın türbəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi UNESKO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına düşməyə layiqdir.

Yusif Küseyr oğlu türbəsi Naxçıvan-Mağara memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Türbə yeraltı və yerüstü hissələrindən ibarət olub, konstruktiv həllinin harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edir. Türbənin xarici səthinin hər biri müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilib.Memar taxcaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırıb.

Çatmadağ şəkilli bu qapının üzərindəki kitabə bildirir ki, bu türbə xacə, şanlı rəis,dinin zəkası,islamın camalı,şeyxlər başçısı Yusif Küseyr oğlunundur və abidə 1162-ci ildə tikilib. Əsas fasaddan sol tərəfdəki kitabədə isə” "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunub.

Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkcə Naxçıvanı əhatə etməyib, bütün Şərq aləminə onun memarlıq üslubu yayılıb, böyük əsərlər yaradılıb. Şərq memarlığı üçün bir məktəb rolunu oynayan Əcəmi yaradıcılığının təsiri ilə inşa edilən Culfadakı Gülüstan türbəsi (XII əsr),XIV əsrdə tikilən Qarabağlar, həmçinin türk mühəndisi Memar Sinanın İstanbulda memarı olduğu türbələr bu gün də bütün dünyanı heyrətləndirir.

Bir neça ay öncə Aərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin 2024-2025-ci illərdə UNESKO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi hamımızı qürurlandırdı. Bu onu göstərir ki, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvani irsi ölməzdir və bütün dünya onun ustalığını qəbul edir. Bu həm də ona imkan verir ki, Memar Əcəmi yaradıcılığı daha geniş tədqiq olunsun. Çünki onun irsi gəncliyimizə, gələcəyimizə nümunədir.

Rəhim Rəhimov

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin Direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə