1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş hesabat konserti keçirilib. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdaərisinin rəisi İbrahim Əliyev, musiqi sektorunun müdiri və əməkdaşları, Əməkdar İncəsənət Xadimi, bəstəkar Cəlal Abbasov, Bakı şəhərindəki uşaq musiqi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.

Aparıcı Nərmin İsgəndərova qeyd edib ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahi üzrə Ümumdünya Konfransı zamanı elan edilib. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi gününün qeyd olunması qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya qanunverici və normativ hüquq aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb. Uşaq hüquqları haqqında qanun 1998-ci il 19 may və bəzi digər normativ hüquq aktları qəbul edilib. Ümumilli Lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalayıb. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı yaşamaq və inkişaf etmək, tərbiyə almaq şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.

Bu gün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Təsadüfi deyil ki, ölkə başçısı cənab İlham Əliyev 2009-cu il "Uşaq ili" elan etmişdi.

Sonra aparıcı konserti açıq elan edib. Konsertdə çıxış edən şagirdlər arasında Respublika və Beynəlxalq müsabiqə laureatları da olub. Konsert məktəbin xor kollektivinin ifası ilə başlayıb. Şagirdlərdən Mələk Cəbrayılova, Ayan Babayeva, Fəridə Məmmədzadə, Məryəm Əhmədzadə, Cəlalə İsmayılzadə, Sübhan Məmmədzadə, Reyhanə Kərimi, Fidan Sultanova, İsgəndər Həsənzadə, Nərgiz Rəcəbova, Leyli Nəcəfova, Adil Muradov, Aydan Həmzəyeva və bir çox şagirdlər çıxış ediblər.

Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə söz verilib. İbrahim Əliyev çıxış edən şagirdlərdən və onların müəllimlərindən razılıqla danışıb.

Bəstəkar Cəlal Abbasov isə çıxış edərək qeyd edib ki, məktəbin şagirdləri və müəllimləri çox yüksək səviyyədə çalışırlar. Məktəb günü-gündən inkişaf edir. Onun üçün də məktəbin direktoru Vəfa Həziyevaya minnətdarıq.

Vəfa Həziyeva isə tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, məktəbin müəllim və şagird heyətinə uğurlar arzulayıb.

Sonra məktəbi bitirən şagirdlərə rəhbərlik tərəfindən Fəxri Fərmanlar təqdim edilib.

M.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə