Məmməd Kazımın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Yazıçılar Birliyi tərəfindən görkəmli şair, dramaturq, publisist, naşir Məmməd Kazımın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər, yazıçılar, jurnalistlər iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən yazıçı-jurnalist Nurəddin Ədiloğlu Məmməd Kazımın həyat və yaradıcılığı haqqında məlumat verib, əsərləri barədə ətraflı danışıb.

Professor Əyyub Kərimov çıxış edərək, Məmməd Kazımın rəhbərliyi altında bir çox tədbirlərdə iştirak etdiyini bildirib: “Hər kəs öz sahəsində millətə, dövlətə xidmət etməlidir. Şəxsiyyətindən, vəzifəsindən, siyasi yönümündən asılı olmayaraq hər bir kəs xalq üçün çalışmalıdır. Görkəmli ziyalılarımızı milli sərvətimiz hesab edirəm.

Məmməd Kazımın əsərlərinin müəyyən hissəsi ilə tanışam. Lakin onun əsas əsəri övladlarıdır. O vətən üçün özü kimi vətənpərvər övladlar yetişdirib”.

Çıxış edən tənqidçi professor Vaqif Yusifli Məmməd Kazım ilə bağlı xatirələrini bölüşüb: “Məmməd Kazımın ölümünə inanmıram, o bizim ruhumuzda yaşayır. Mən uşaqlıqdan ədəbiyyat həvəskarı olmuşam, kəndimizdə bir neçə kitabxana var idi. Demək olar ki, kitabların bir çoxunu oxumuşdum. Lakin şeirə olan marağım məhz Məmməd Kazım sayəsində yaranıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə