Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin əskinasları" mövzusunda mühazirə dinlənilib. Layihənin müəllifi numizmat, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Rüstəm Hüseynovdur.

SİA xəbər verir ki, mühazirə zamanı Rüstəm Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin əskinaslarının, Bakı şəhər sovetinin istiqrazlarının nümunələrini nümayiş etdirib, onların xüsusiyyətlərini və növlərini izah edib, Azərbaycan tarixində onların rolunu ətraflı araşdırıb. Bu əskinaslar tarixçilər üçün xüsusi maraq doğurur, çünki onların sayəsində Azərbaycanın təkcə siyasi deyil, həm də iqtisadi tarixinin detallarını aydınlaşdırmaq olar. Pul dövlətin ən vacib simvollarından biri, hakimiyyət və suverenlik atributudur.

AXC-nin kağız pullarının dövriyyəsi faktları və Azərbaycan tarixində ilk dövlət bankının fəaliyyəti auditoriyanın böyük marağına səbəb olub.

İştirakçılar çıxışçıya az tanınan əskinaslarla bağlı bir sıra suallar veriblər. O dövrün yeni əskinaslar seriyasından olan 1920-ci ilin sınaq nüsxəsi onların xüsusi diqqətini çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə