Venesiya Biennalesində Azərbaycan pavilyonu...

“La Biennale di Venezia” kimi tanınan Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu və tanınmış beynəlxalq sərgilərindəndir. 1895-ci ildə yaradılan sərgi İtaliyanın Venesiya şəhərində hər iki ildən bir keçirilən müasir incəsənət bayramıdır. Bu, onu öz növünün ən qədim və davamlı sənət sərgilərindən birinə çevirib. Dünyanın çağdaş incəsənətində ən nüfuzlu sərgi-aksiya olan Venesiya Biennalesi incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir.

Biennale dünyanın hər yerindən müasir incəsənəti təbliğ etmək və nümayiş etdirmək üçün yaradılıb. Beynəlxalq sərgi vizual incəsənət, memarlıq, kino, rəqs, musiqi və teatr da daxil olmaqla, geniş bədii sahələri əhatə edir. Biennale müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meyillərin müzakirəsi üçün geniş imkan yaradır.

Müxtəlif ölkələrdən olan rəssamlar, memarlar və digər yaradıcı peşəkarlar Venesiya Biennalesində öz işlərini nümayiş etdirir. Sərgi zamanı rəssamlar, ölkələr, o cümlədən memarlıq və digər sənət sahələri üzrə bir sıra mükafatlar təqdim olunur. Biennale sənət dünyasına əhəmiyyətli təsir göstərir, karyera qurmaq istəyən və inkişaf etməkdə olan rəssamlar üçün reputasiya yaradır.

Biennalenin cəlbediciliyində “Dənizlər kraliçası” adlanan Venesiya şəhəri həlledici rol oynayır. Şəhərin tarixi memarlığı, kanalları və unikal atmosferi sərgi üçün fərqli fon yaradır.

Bu il aprelin 20-də açılan 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” şüarı ilə keçirilir. Biennalenin kuratoru Adriano Pedros mövzunu təsadüfən seçməyib. Beynəlxalq sərginin dünyada insanların müxtəlif ölkələrə köçməsi ilə bağlı böhranlar fonunda fəaliyyət göstərdiyini bildirən A.Pedros bunun müxtəlif fərqliliklər və çətinliklərlə müşayiət olunduğunu qeyd edir.

“Əcnəbilər hər yerdədir” ifadəsi iki mənada verilir. Birincisi, hara getməyimizdən asılı olmayaraq hər yerdə əcnəbilərlə rastlaşırıq – onlar hər yerdədir. İkincisi isə istənilən yad bir yerə getsək həmişə əcnəbiyik.

Azərbaycan pavilyonu - Xəzərdən Çəhrayı Planetə. Mən buradayam

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə aprelin 19-da keçirilib. XVI əsrin heyrətamiz memarlıq abidələrindən olan “Campo della Tana”da yerləşən Azərbaycan pavilyonu Venesiya sərgisində “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir.

Müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisin kuratorluğu ilə yaradılan Azərbaycan pavilyonunda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilir - səfərlər, səyahətlər, mühacirətin hər zaman fərdi identiklik və incəsənətə təsiri göstərilir. Şəxsi təcrübələrinə əsaslanan müəlliflər əsərlərində əcnəbilik mövzusunun Azərbaycan üçün aktuallığını çatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əks etdirir, eyni zamanda, incəsənət vasitəsilə digərinə hörmətlə yanaşmağın vacibliyini bildirirlər.

Venesiya şəhərini ziyarət edənlər və turistlər Azərbaycan pavilyonunda əsərlərə müxtəlif bucaqlardan baxaraq fərqli mədəniyyətlərin ahəngini seyr edir, ümumbəşəri qarşılıqlı anlaşma ideyasının zəruriliyini görə bilirlər.

Ölkəmiz dünyanın ən mötəbər sənət sərgisində 2007-ci ildən – artıq 9-cu dəfə təmsil olunur. Ümumilikdə 88 ölkənin milli pavilyonları ilə töhfə verdiyi builki sərgi noyabrın 24-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə