Paytaxtdan paytaxtlara Türkiyə Mətbəxi Həftəsi

Mədəniyyət, ənənələr, sosial irs, nəsildən nəsilə ötürülmə və min illərə uzanan dərin təcrübənin məhsulu olan zəngin Türkiyə mətbəxi 21-27 may tarixləri arasında bənzərsiz macərasını bir daha dünya ilə bölüşməkdədir.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Mətbəxi Həftəsi çərçivəsində üçüncü dəfə zəngin qastronomiya mədəniyyətini Türkiyə Cümhuriyyətinin xarici nümayəndələrinə və ölkə daxilində tanıdacaq. Türkiyə bu tədbirlər sayəsində geniş kütlələri qədim Türkiyə mətbəxinin bənzərsiz reseptləri ilə tanış edir.

Paytaxt Ankaradakı Prezident Aparatı İqamətgahında “Əsrlərin ləzzətlərinin qovuşduğu yer: yeddi bölgədə Türkiyə mətbəxi” proqramı təşkil olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan tədbirin açılışında etdiyi çıxışında deyib: "Anadolu min illərdir eyni səma altında eyni reseptlə bişirilən və bu gün də eyni şəkildə bişirilməyə davam edən qədim yeməklər diyarıdır”.

İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun burada etdiyi çıxışında Türkiyə Mətbəxi Həftəsi çərçivəsində mədəni irsin ən mühüm hissələrindən biri olan türk mətbəxini tanıtmaq və zənginliklərini birlikdə kəşf etmək üçün bir araya gəldiklərini söyləyib: "Türkiyə mətbəxi minillik tarixi, müxtəlif sivilizasiyaların toxunuşlarının sintezi və dad müxtəlifliyi baxımından möhtəşəm bir xəzinədir. Bu xəzinə bizim üçün təkcə mədəni dəyər deyil, həm də bir xalq diplomatiyası və Türkiyənin milli mədəniyyətinin təsirli alətlərindən biridir.”

Tədbirdə qonaqlara Türkiyə lokumu, qəhvəsi və bozası təqdim olunub.

Sərgi 1 aya qədər davam edəcək.

Qeyd edək ki, Türkiyə Mətbəxi Həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarında da tədbirlər təşkil olunur. Paytaxt Vaşinqtondakı Konqres binasında Türkiyə ləzzətləri təqdim edilib. Tədbirdə Türkiyə-Amerika icması ilə yanaşı, Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal və ABŞ Konqresinin üzvləri də olub.

Türkiyənin Avstriyadakı Səfirliyində Türkiyə Mətbəxi Həftəsi keçirilib, tədbirdə Egey bölgəsinin ənənəvi ləzzətləri təqdim olunub, qonaqlara Türkiyə mətbəxi haqqında məlumat verilib.

Polşadakı Türkiyə səfirliyi və Varşava Yunus Əmrə İnstitutunun (YEE) birgə təşkilatçılığı ilə Türkiyə Mətbəxi Həftəsi təşkil və Egey bölgəsinin yeməkləri təqdim olunub. Tədbirdə mədəniyyət, turizm, qastronomiya və mətbuat nümayəndələri, xarici diplomatlar və həyat yoldaşları, eləcə də yerli türklər iştirak edib.

Bosniya Herseqovinanın paytaxtı Sarayevo və Fransanın paytaxtı Parisdə də Türkiyə mətbəxi həftəsi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə