Türk dünyasının ilk müştərək film layihəsi ilə bağlı görüş keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, türk respublikalarının birgə iştirakı ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film çəkiləcək.

SİA xəbər verir ki, mayın 22-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində film layihəsinin hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.

Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, filmin quruluşçu rejissoru, Xalq artisti Vaqif Mustafayev və digər qonaqlar iştirak ediblər.

Sultan Raev qeyd edib ki, filmin çəkilişləri yaxın aylarda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda aparılacaq. Ekran əsəri qardaş türk xalqları arasında kinematoqrafiya sahəsində körpü rolunu oynayacaq.

Nazir filmin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə TÜRKSOY-a və qurumun baş katibi Sultan Raevə təşəkkürünü bildirib. Türk dünyasından tanınmış aktyorların iştirakı ilə layiqli ekran işinin çəkiləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının ötən ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qardaş respublikaların dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin birgə istehsalı qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə