Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Əməkdar rəssam Həmzə Sadiqovun 75 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Rənglərin harmoniyası” adlı sərgidə əvvəlcə Ümummilli Liderimizin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığından bəhs edib, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın və komitə üzvlərinin təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov yubilyarı təbrik edərək bildirib ki, Əməkdar rəssam Həmzə Sadiqovun taleyi, həyatı həmişə vətənə bağlı olub. Bunu təkcə yaradıcılığında deyil, çalışdığı vəzifələrdə, fəaliyyətində hər zaman sübut edib.

Həmzə Sadiqovun ailəsi ilə birlikdə ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin davamlı inkişafı, xalqımızın rifahı naminə apardığı mübarizənin ön cərgələrində olduğunu diqqətə çatdıran Anar İbrahimov rəssamın Sədərək döyüşlərindəki fədakarlığını yüksək qiymətləndirib, bu mövqeyə görə yubilyara və onun ailəsinə təşəkkür edib. Həmzə Sadiqovun yaradıcılığını təhlil edən Ali Məclisin Sədr müavini Əməkdar rəssamın realizm üslubunda yaratdığı əsərlərinin Naxçıvana yeni nəzərlə baxmağa imkan yaratdığını bildirib. Anar İbrahimov gənclərin rəssamın yaradıcılığından ilham alacağına əminliyini ifadə edib, Həmzə Sadiqova yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra yubilyara Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi adından təşəkkürnamə təqdim olunub.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kayanın, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovun, Milli Məclisin deputatı Cəbi Quliyevin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın, Naxçıvan MR Memarlar Birliyinin sədri Heydər Əhmədovun və Xalq rəssamı Hüseynqulu Əliyevin çıxışları dinlənilib.

Əməkdar rəssam Həmzə Sadiqov əməyinə verilən diqqətə görə minnətdarlıq edib və tədbirin ona yeni yaradıcılıq stimulu verdiyini bildirib.

Sonra sərgiyə baxış olub.

Sərgidə Əməkdar rəssam Həmzə Sadiqovun müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın əsəri nümayiş olunub. Əsərlərdə Naxçıvan motivi üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə