"”Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Şuşanın dünyaya açılan mədəniyyət qapısıdır" - TƏƏSSÜRATLAR

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilib. Mədəniyyət vasitəsilə həmrəyliyi, dostluğu, sülhü və tolerantlığı tərənnüm edən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələrdən olan musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfəsini verir. SİA mövzu ilə bağlı incəsənət xadimlərinin təəssüratlarını öyrənib.

Teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə: “”Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Şuşanın dünyaya açılan mədəniyyət qapısıdır və bu qapının üstündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi "Əziz Şuşa, sən azadsan" cümləsi parlayır. Şuşa açıq səma altında musiqi akademiyası kimi, Azərbaycanın milli mədəniyyət mərkəzlərindən biri kimi dünya tərəfindən kəşf olunmaqdadır, sevilməkdədir. Bu baxımdan mən VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalını bu festivalın bütün tarixinin çox möhtəşəm hadisəsi hesab eləyirəm, həm tədbirin siyasi-kulturoloji dəyərinə görə, həm qonaqların tərkibinə görə, həm də festival proqramının zənginliyinə görə. 2024-cü ildə Şuşanın islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bu tədbirin açılış mərasiminin festivalla eyni bir gündə keçirilməsi VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına xüsusi bir rəng qatdı. Bu festival Şuşada bir islam məşəli yandırdı və festivalın iştirakçıları sırasında Qətərdən, Hindoneziyadan, Mərakeşdən, Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş folklor qrupları tədbirin ekzotik ornamentlərinə çevrildilər. Bu festivalın ildən-ilə masştabı böyüyür, sosial-siyasi, mədəni əhəmiyyəti artır. Festivalın konsert proqramı da əla düşünülmüşdü: Arif Babayev, Zeynəb Xanlarova, Polad Bülbüloğlu kimi ustadların səhnədə görünməsi də festivala xüsusi bir aura gətirdi. Bir sözlə, YAŞASIN FESTİVAL!!! Mən əminəm ki, Azərbaycan Prezidentinin və vitse-prezidentinin patronajlığı ilə bu festivalın ömrü uzun olacaq və "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı getdikcə, Yer kürəsində müharibələr səngidikcə, sülh sazişləri imzalandıqca daha çox dünya xalqlarının folklor musiqisi festivalına transformasiya olunacaq. Qoy dünya xalqları gəlib həmişə Şuşada oxusunlar, rəqs etsinlər, sevinsinlər, sevindirsinlər!!!”

Azərbaycanın kinorejissoru və kinoşünası Ayaz Salayev: “Bildiyiniz kimi, Şuşa mədəniyyət paytaxtı elan olunub. Bu, hələ başlanğıcdır. Mən budəfəki “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalından xoş təəssüratlarla ayrıldım. Təbii ki, ilk dəfə başqa hislər yaşamışdım. Amma artıq bu dəfə Şuşada qurulan infrastruktur, yaşayış üçün görülmüş hazırlıqlar zəminində fərqli təəssüratlar yaşadım. Prezident İlham Əliyevin də orada olmağı hər birimizə çox böyük təsir bağışladı.
Biz indi müstəqil bir ölkəyik və müstəqil mədəniyyətimizi qurmalıyıq. Bu festivalın da müstəqil mədəniyyətimizin qurulmasında rolu böyükdür”.

Tarixçi Elçin Əhmədov: “Mən Şuşada doğulub böyümüşəm, atamı burada dəfn etmişəm. Yəni Şuşa mənim üçün doğma bir məkandır. Uşaqlığımı Şuşa Mağara düşərgəsi, Topxana meşəsində keçirmişəm. Ona görə də bu doğma yurdda “Xarıbülbül” kimi festivalın keçirilməsinin mənim üçün həddi-hüdudu yoxdur”.

Əməkdar artist Gövhər Həsənzadə: “Hələ də mənə Şuşada olmaq, burada beynəlxalq tədbirlər keçirmək yuxu kimi gəlir. Çünki 32 ildir bizə əlçatmaz görünən, amma yenə də nə vaxtsa bu yurda gələcəyimizə ümid etdiyimiz şey baş verib. Biz çox xoşbəxt insanlarıq ki, bugünkü gündə doğma torpaqlarımızda Azərbaycanın say-seçmə ifaçılarının bir hissəsinin iştirakı ilə öz musiqimizi, Qarabağ şikəstəsini dinləyirik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə