Bakıda Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsi təşkil edilib - FOTOLAR

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan və Pakistanın poeziya və mədəniyyət gecəsi keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Şirin Məlikova iki dövlət arasındakı mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb. O qeyd edib ki, bugünkü gecə bir-birinə qırılmaz tellərlə bağlı olan Pakistan və Azərbaycanın mədəni cəhətdən bağlığını özündə əks etdirib.

"Söz" ədəbi layihəsinin təsisçisi Nigar Həsənzadə bildirib ki, Sultan Əhməd Əlinin bu tədbirdə iştirakından böyük qürur hissi duyur: "Sultan Əhməd həm səxavətli, həm də humanist bir insandır. İkinci Qarabağ müharibəsi ərəfəsində daim dövlətimizə dəstək olub, dünyada haqq səsimizi çatdırmaqda səy göstərib".

Sultan Əhməd Əli söyləyib ki, o, Azərbaycana gəldikdən sonra özünü həm də ölkəmizin vətəndaşı kimi hiss edir. “Buna səbəb Azərbaycan xalqının qonaqpərvər olmasıdır. Azərbaycan daim qəlbimdədir. Mən muzey və eksponatlarla tanış olan zaman bura bir daha valeh oldum. Eyni zamanda, bu xalqın milli kimliyini qoruması pərəstiş etdiyim xüsusiyyətlərdəndir. Düşünürəm ki, iki dövlət arasında qurulan münasibətlər daha da inkişaf etməlidir. Pakistanın yeganə dostu Türk xalqlarıdır. 44 günlük Vətən müharibəsində Pakistanda namazlar qılınan zaman xalqımız daim Azərbaycan üçün dualar edirdi. Möhtəşəm və tarixi zəfər növbəti xoş xəbərlərin müjdəçisi oldu. Xocalı soyqırımını ilə bağlı təşkil olunan aksiyalarda pakistanlılar çox fəal iştirak edir. Pakistan və Azərbaycan bir ağacın iki budağıdır",- deyə o bildirib.

Tədbirin bədii hissəsi ilə davam edib.

Sonda Azərbaycan və Pakistan haqqında videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə