Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeir təqdim edildi

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yazıçı və şairlər yeni əsərlərini təqdim edir.
Şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xuraman İsmayılova İlisu dağlarına həsr olunmuş şeirini oxuculara təqdim edir.

Xuraman İsmayılova
şair, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi,
M.Ş.Vazeh adınaMərkəzi Kitabxananın Fəxri oxucusu

İLİSU DAĞLARINDA
Bu qüdrətə mat qalmışam,
Gözəllikdən pay almışam,
Şirin xəyala dalmışam,
Qax, İlisu dağlarında...

Ala bulud rəqs eyləyir,
Kürmük nəğmələr söyləyir,
Duman ağ yaylıq yelləyir,
Qax, İlisu dağlarında.

Yolumuza xalı sərdi,
Hər qarışı bir əsərdi,
Bulaqlar abı-kövsərdi,
Qax, İlisu dağlarında.

Dilimdə xoş sözü qalıb,
Ürəyimdə közü qalıb,
Əcdadların izi qalıb,
Qax, İlisu dağlarında.

Qonaq oldum üç günlüyə,
Göz vuruldu, baxdı nəyə.
Həkk olundu ömürlüyə,
Qax, İlisu dağlarında.

Bütün xəbərlər Facebook səhifəmizdə