Azərbaycanlı yazıçının pyesi Rusiyada səhnələşdirilib

Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında tanınmış azərbaycanlı uşaq yazarı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri, tanınmış rejissor-ssenarist Valeri Qriqoryev, rəssamı modelyer Marina Zavırilina, musiqi tərtibatçısı isə peşəkar bəstəkar-aranjemançı Vladimir Nikonovdur. Tamaşada, həmçinin dünya musiqi klassiklərinin məşhur əsərlərinə müəllif improvizasiyalarından da istifadə edilib.

Böyük ölçülü cəlbedici kuklaların iştirak etdiyi tamaşanın premyerası martın 30-da Ulyanovsk Uşaq və Gənclərin Yaradıcılıq Sarayında keçirilib.

Qeyd edək ki, sözügedən əsərdə əsas ideya sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə