Valideynlərim sonralar teatral oldular

(Bir aktrisanın qəmli hekayəsi)

Məlahət Ağayeva: “Ulu Tanrı hər adama aktyorluq istedadı vermir. Bir vaxtlar Qədim Yunan Teatrında aktyorları ölkə rəhbərləri xarici ölklərə diplomat göndərirmiş. Deməli, aktyorluq çox böyük sənətdir”

Məlahət Ağamalı qızı Ağayeva 1967-ci ilin aprelin 15-də Mingəçevir şəhərində anadan olub. Tam orta təhsilini 10 saylı məktəbdə alıb. Orta məktəb illərində və sonralar da özfəaliyyət dərnəklərinin fəal üzvi olub. Erkən yaşlarında ailə həyatı qurub. Bir nəvəsi var.

Mən Məlahət Ağayevanı hələ orta məktəbdə oxuyarkən tanıyırdım. Onu məktəblərarası keçirilən incəsənət festivallarında çox görmüşdüm. Özüm də orta məktəb illərində Səməd Vurğun adına Mədəniyyət evində dram dərnəklərinə getmişəm. O vaxtlar Məlahət xanım lap balaca bir qızcığaz idi. Hərdən uşaq rolları olanda ona tapşırırdılar. Sonralar mən orta məktəbi bitirib ali təhsil almaq üçün Bakıya yollandım. Təhsil aldığım müddətdə də tətillər vaxtı mədəniyyət evi ilə əlaqəni kəsmirdim. Hər gələndə Məlahəti orda görürdüm. O artıq bir az böyüyüb dilli-dilavər bir qız olmuşdu. O dövrdə Mingəçevir Mədəniyyət evində məşhur “Kür” xalq çalğı alətləri ansamblı vardı. Məlahət xanım həmin ansamblın aparıcısı idi. Eyni zamanda da konsert proqramında səhnəciklərdə də iştirak edirdi. Bu gülərüz yeniyetmə qız bütün heyyətin sevimlisinə çevrilmişdi. Yuxarıda yazdığım kimi Məlahət Ağayeva erkən yaşlarında ailə həyatı qurmuşdu. İki oğul övladı vardı. Aqşin və Ravin. Ancaq tale nə Məlahətin, nə də ki, Aqşin və Ravinin üzünə gülmədi. Hər iki gözəl, göyçək övladı vaxtsız dünyasını dəyişdilər. Ravin beş yaşında, Aqşin isə iyirmi beş yaşında qəflətən vəfat etdilər. Bundan sonra Məlahətin gülərüz çöhrəsi soldu. Çiyninə çox ağır dərd-ələm düşü. Bu ağır günlərdə həyat yoldaşı da onlardan ayrılmışdı. Ana hər iki körpəsini min cür əziyyətlə böyütmüşdü. Yeganə təsəlli də o idi ki, Aqşin balanı evləndirmişdi. Bir Sibel qız balası – gözəl bir nəvəsi vardı. Bu gün də nakam övladının qoxusunu Sibel baladan alır Məlahət xanım. Bədbinləşməkdən uzaqlaşır. Həyatın mənasını heç olmasa Sibel naminə yaşamaqda və mübarizədə görür Məlahət xanım. Başın sağ olsun, Məlahət xanım. Sənin öz təbirincə desək, işlədiyin teatr kollektivi səni heç vaxt bədbinləşməyə, kədərlənməyə qoymayacaq. Çünki səni bütün kollektiv sevir. Sən buna layiq xanımsan. Mən də öz növbəmdə çox hörmətli oxucularımızı Məlahət xanım Ağayevanın qismən də olsa, həyat və yaradıcılığı ilə tanış etmək istəyirəm. Ona ilk sualım belə oldu.
- Teatra gəlməyinizi necə xatırlayırsınız?
- Bilirsiniz ki, mən hələ orta məktəbdə oxuyarkən məktəbin özfəaliyyət dərnəyində iştirak edirdim. Məktəbin əksər tədbirlərində aparıcı olurdum. Hazırlanan səhnəciklərdə də iştirak edirdim. Hələ məktəbdə oxuyarkən şəhərimizdəki Səməd Vurğun adına Mədəniyyət evindəki dram dərnəyinin də üzvi olmuşam. Bir çox özfəaliyyət festivallarında iştirak etmişəm. 1985-ci ildə orta məktəbi bitirdim. Bu sahədə ali təhsil almağıma valideynlərim icazə vermədilər. Mən bir həvəskar kimi uzun müddət mədəniyyət evində fəaliyyət göstərdim. Elə həmin dövrlərdə də bu sahəyə həvəsim daha çox artdı. O vaxtlar mədəniyyət evinin nəzdində “Kür” xalq çalğı alətləri ansamblı vardı. Bu ansambl o dövrdə regionda çox məşhur idi. Biz tez-tez rayonlara qastrollara gedirdik. Mən də həmin ansamblın həm aparıcısı, həm də konsert proqramındakı səhnəciklərdə iştirak edirdim. Doğrudan da çox maraqlı günlər idi...
- İlk sənət müəlliminiz kimi hesab edirsiniz?
- İlk sənət müəllimi deyəndə ki, özfəaliyyətdə ilk müəllimim Nofəl Məmmədəliyev və o vaxtlar mədəniyyət evinin bədii rəhbəri olan Ağagül Əliyev olub. Nofəl Məmmədəliyev Mədəniyyət və İncəsənət Universitetini yenicə bitirmiş məzunu idi. Çox səmimi, tələbkar müəllim idi. Ağagül Əliyev isə təcrübəli bir mütəxəssis idi. Mən onların təkidi ilə teatrda işləməyə gəlməli oldum. Hətta teatr rəhbərliyinə Ağagül müəllim mənim haqqımda müsbət bir yaradıcılıq xasiyyətnaməsi də vermişdi. Beləliklə, mən 1990-cı ildə teatra qəbul olundum. Burada - artıq peşəkar Dövlət Dram Teatrında ilk müəllimim də Respublikanın Xalq artisti mərhum Zülfüqar Abbasov oldu. Onunla bərabər inkişafımda quruluşçu rejissor, ziyalı insan Füzuli Sərkərovun da xidməti çox olub. Bilirsiniz, onlar necə gözəl insanlar və maraqlı rejissorlar idilər. Allah hər ikisinə rəhmət eləsin (ağlayır).


- Böyük səhnədə ilk rolunuz nə olub?
- Böyük səhnədə ilk rolum Füzuli Sərkərovun quruluşunda hazırlanmış Jan Batist Molyerin “Skapenin kələkləri” ndə Qiosentananı oynamışam. Yaxşı xatırlayıram, dövlət teatrında ilk rolumu və tərəf müqavillərim olan aktyorları. Hamısı peşəkar aktyorlar idi. Dövlət Teatrının böyük səhnəsi və zal da tamaşaçılarla dolu idi. Təsəvvür edin səhnədə dizlərim əsirdi. Amma çox sevinirdim. Sevinirdim ona görə ki, artıq Dövlət Dram Teatrına vəsiqə almışam və mənə əsas rollardan birini də etibar ediblər. Mənə olan bu etimad sonralar davamlı oldu. Xalq artisti Zülfüqar Abbasovun quruluşunda Cəfər Cabbarlının “Solğun Çiçəklər”ində Sara, Süleyman Sani Axundovun”Laçınyuvası” tamaşasında Pəricahan, Famil Süleymanovun “Vətən dərdi” əsərində Tavat, Şıxəli Qurbanovun “Milyonçunun dilənçi oğlu” nda Bildirçin və sairə rollar oynadım.
- Söhbət əsnasında dediniz ki, oynadığınız obrazların hamısını çox sevmisiniz. Onları bir daha oynamaq istəyərdinizmi?
- Bəli. Oynadığım bütün obrazları sevmişəm. Məlumdur ki, tarixi geri qaytarmaq mümkün deyil. Əgər yenidən imkan olsaydı Famil Süleymanovun “Vətən dərdi” əsərindəki Tavatı oynayardım. Yaxşı yadımdadır, bu əsərdə siz özünüz də oynayırdınız. Çox möhtəşəm əsər idi. Nakam Aqşinimin onda doqquz yaşı vardı. Həmin tamaşada elə mənim oğlumu oynayırdı. Sumqayıt şəhərində qastrolda idik. Tamaşanı Kimyaçılar sarayında oynayırdıq. Orada 1200 yer var. Hamısı da dolu idi. Aqşinin yerində tamaşaçılar onu ayaq üstə alqışladılar. Zülfüqar Abbasovun gözləri yaşarmışdı. Pərdə arxasındakılar da ağlayırdılar. O tamaşada mənim çox böyük nostalji hisslərim qaldı. İndi Aqşin də yoxdur. O tamaşa da və Zülfüqar müəllim də yoxdur. Heyif çox vəfasız dünyada yaşayırıq (hönkürtü ilə ağlayır). Bir müddət sükut yaranır. Sonra yenə də ona suallar verirəm.


- Başınız sağ olsun, Məlahət xanım. Ən çox hansı tərəf müqabilləri ilə oynamaq sizə rahat olub?
- Demək olar ki, hamısı ilə. Bizim teatrımızda həmişə yaxşı aktyorlar çox olub və hal-hazırda da var. Respublikanın Xalq artisti Ella Yaqubova, respublikanın Əməkdar artisti Şıxı Yaqubov, mərhum Zülfi Məmmədov, mərhum İsa Əlimov. İndi çiyin-çiyinə çalışdığım Asim Məmmədov, Afət Əliyeva, Paşa Salmanov, Hüseyn Mustafayev, Nargilə Abdullayeva və adlarını sadalamadığım bir neçə nəfər var. Ella Yaqubova ilə tərəf müqabili olanda necə rahat olmayasan? Çünki ondan həm öyrənirsən, həm də zövq alırsan. Bir sözlə, dünyasını dəyişənlərə Allah rəhmət eləsin, qalanlara da can sağlığı arzulayıram.
- Ən çox pərəstiş etdiyiniz aktyor və rejissor?
- Bu suala konkret cavab vermək çox çətindir. İstedadı olan hər bir sənət adamına pərəstiş etməyə dəyər. Çünki bizim sənət çox çətin sənətdir. Ulu Tanrı hər adama da aktyorluq istedadı vermir. Bir vaxtlar Qədim Yunan teatrında aktyorları ölkə rəhbərliyi xarici ölklərə diplomat göndərirmiş. Deməli, aktyorluq çox böyük və əvəzsiz sənətdir.
- Gənclər haqqında bir söz demək istəyərdinizmi?
- Əlbəttə, bizim teatrımızda ümid verən gənc aktyor və aktrisalar çoxdur. Aytən İsmayılova, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Nargilə Abdullayeva, Cavidan Abdullayev, Rövşən Zeynalov, Şamil Əliyev və başqaları. Bu aktyorlarda mən yaxşı perspektiv inkişaf görürəm. Bu gənclərimiz də təcrübəli aktyorlarımızın qayğısı ilə həm öyrənir, həm də həvəslə işləyirlər. Ümumiyyətlə, təcrübəli sənətçilərin mehribançılığı, qayğıları bizim teatrımızda ənənəvi bir haldır. Bu həmişə olub. Ümidvaram ki, həmişə də olacaq. Mən bunu işlədiyim bütün dövrlərdə görmüşəm. Belə ki, özüm teatra gələndə çox gənc idim. Artlıq səhnədə böyük təcrübəsi olan aktyorlar mənə çox şeylər öyrədirdilər. Onların hər biri bir məktəb idi. Əlbəttə, hər bir kollektivdə az da olsa, bir narazıçılıq olur. Bu, təbiidir. Ara-sıra mən də inciyəndə teatrımızın o vaxtkı direktoru Nazir Qafarov yanımda olub və xoş sözlərlə məni ovundurub, başa salıb, qayğı göstərib. Mən bunu heç vaxt unutmaram. O da kollektivimizin hər bir təcrübəli işçisi kimi yaxşı insan idi. Hal-hazırda təqaüddədir. Eşitdim ki, bir az naxoşlayıb. Ona can sağlığı, sağlam ömür arzulayıram.


- Məlahət xanım, siz əvvəlcə mənə dediniz ki, sizin bu sahəyə gəlməyinizə valideynləriniz mane olurdular. Amma mən görürəm ki, bacınız, bacınız oğlu teatrda işləyirlər. Hətta qardaşınız Ramin də bir vaxtlar burada işləyib...
- Biz teatrı arendaya götürmüşük. Bu bir zarafatdır (gülür). Bəli, düz deyirsiniz. Bacım Rühəngiz Abdullayeva, bacımın oğlu Cavidan Abdullayev aktyordular. Rühəngiz ali dərəcəli aparıcı aktrisadır. Cavidan da onun oğludur. Teatrımızın nəzdindəki Teatr- Studiyada dərs aldıqdan sonra onu da ştata götürdülər. İstedadlı gəncdir. Qardaşım Ramin isə teatrda bir neçə il işlədikdən sonra ailə həyatı qurub, üzrlü səbəblərdən işdən çıxdı. İndi o Bakıda tamam başqa sahədə çalışır. Görünür, ayağım yüngül olub. Onlar məndən sonra teatra gəliblər. Valideynlərim mənim tamaşalarıma gəlib bir neçə dəfə baxdıqdan sonra teatrla yaxından tanış olub bu mühitin və teatrın doğrudan da məbəd olduğunun şahidi oldular. Bir sözlə, biz övladlar onları teatral ailə edə bildik. Hətta indi onlar tamaşaya baxdıqdan sonra evdə həmin tamaşanı öz bildikləri kimi böyük həvəslə müzakirə də edirlər (bərkdən gülür).
- Siz uzun müddət aktrisa olub müxtəlif xarakterli obrazlar oynamısınız. Nədən sonralar rejissor köməkçisi, rejissor assistenti oldunuz?
- Mən, müəyyən səbəblərdən bir ara teatrdan uzaqlaşdım. Yenidən qayıdanda aktyorluqda ştat olmadı. Məni rejissor köməkçisi kimi işə qəbul etdilər. Rejissorlar sağ olsunlar, ara-sıra mənə də rollar etibar edirlər. Bir neçə il bundan qabaq, daha-doğrusu 2019-cu ilin sentyabr ayının əvvəlində çox hörmət etdiyim tanınmış yazıçı-rejissor, gözəl insan, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu bizim teatra tamaşa hazırlamaq üçün dəvət olunmuşdu. Qəmbər Şəmşiroğlunun “Caninin etirafı” povesti əsasında Nəriman Ocaqlı ilə birlikdə eyni adlı pyes yazmışdılar. Ağalar müəllim də həmin pyesə bizim teatrda çox yüksək səviyyədə quruluş verdi. Mən həmin pyesdə həm rejissor assistenti idim və həm də maraqlı bir obraz oynadım. Həcər ana. Özü də Xalq artisti Ella Yaqubovaya dublyor idim. Təsəvvür edirsiniz bu nə deməkdir? Bu, məndən böyük cavabdehlik tələb eləyirdi. Tamaşanın quruluşçu rejissoru, çox tələbkar insan Ağalar İdrisoğlu və tamaşaçılar da mənim rolumdan razı qaldılar. Tamaşa bir neçə dəfə qastrol səfərlərində də oynanıldı. Çox uğurlu bir tamaşa alınmışdı. Sonra bu bədnam pandemiyaya görə işimiz dayandı. Amma eşitmişəm ki, Ağalar müəllim o tamaşanı yenidən bərpa etmək üçün Mingəçevirə gələcək. Belə olsa, lap əla olardı. Qaldı rejissor assistenti olmağıma. Mən bu işimdən də zövq alıram. Çünki nə olur- olsun teatr məni ayaq üstə saxlayır.
- Siz bir vaxtlar el şənliklərində müğənni kimi də fəaliyyətdə olmusunuz. Bəs indi necə?
- İndi işim teatrda lap çoxdur. Məşqlər, sonra da tamaşaları idarə etmək. Toylar da kı, müxtəlif saatlarda olur. O vaxtlarda da əksər hallarda vaxtım olmur. Vaxt olanda gedirəm, dolanışığıma köməyi çox olur. Təki həmişə toy olsun. Camaatımız şənlənsin, çöhrələri gülsün. Qarabağdakı qələbəmizdən sonra bizə yalnız sevmək, sevilmək yaraşır.
- Həyatınızı teatrsız necə təsəvvür edirsiniz?
- Heç təsəvvür etmirəm. Teatrdan işdən çıxsam, onda özümə qapanaram. Bu lap pis olar. Keçirdiyim faciəli itkilərdən sonra mənə həmişə teatr və kollektiv təsəlli olub. Bu gün də məni ayaqda saxlayan sevimli kollektivim və doğma teatrımdır. Sağ olsunlar, yaşasın teatr!!!
- Bildiyimə görə hal-hazırda tanınmış aktyor, Xalq artisti və Prezidentin Fərdi Təqaüdçüsü Valeh Kərimovun quruluş verdiyi tamaşada məşğulsuz.
- Bəli, hal-hazırda İsi Məlikzadənin yazmış olduğu “Subaylarınızdan görəsiniz” tamaşasını təhvil vermişik. Mən də bu tamaşada Valeh müəllimin assistentiyəm. Mən onun bizim teatrda hazırladığı bir neçə tamaşada onunla birgə işləmişik. Bu iş prossesində də özümü Valeh Kərimovun Xalq şairi Vaqif Səmədoğlunun “Bəxt üzüyü”ndə axtardığı “xoşbaxtlığın” içində xoşbəxt sanmaq istəyirəm. Dahi yazıçı Cek Londonun belə bir maraqlı kəlamı var: “İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır” . Rusların isə belə bir atalar sözü var: “Vətəni olmayan insan nəğmə oxuya bilməyən bülbül kimidir”. Ümumiyyətlə, insanın xoşbəxt olması və həmişə xoşbəxt insanların içində olması Allahın böyük vergisidir.
Mən teatrımızın baş rejissoru Vüsal Mehrəliyevdən və direktorumuz İntiqam Soltandan çox razıyam. Onlar öz işlərini yaxşı bilən, yüksək təşkilatçı mütəxəssisdirlər və gözəl insanlardır. Kollektivdə hamı onlardan razıdır.
- Hansı arzularınız var?
- Bütün kollektivimizə yaradıcılıq uğurları arzulayıram. Heç bir kəsə kədər, qüssə arzulamıram. Qoy, hamı həmişə kədərsiz, qüssəsiz, xoşbəxt yaşasın. Çünki dərd qurd kimi adamı içindən yeyir və bir də onda görürsən ki, depressiyaya, xəstəliklərə düşübsən. Həmin vaxtı həkimlər də, özün də özünə köməklik edə bilmirsən. Təki heç kim depressiyaya düşməsin. Xəstələnməsin. Onda yaşamaq və yaratmaq da gözəl olur. Özü də Qarabağ kimi cənnətməkan torpaqlarımızı yağı düşmənlərdən Ali Baş Komandanımızın və cəsur əsgərlərimizin sayəsində geri qaytaradan sonra xalqımızın xəstələnməyə ixtiyarı yoxdur. Axı orada çox böyük işlər görüləcək. Cənab İlham Əliyev bu dəfə də prezident seçilməyilə, inanıram ki, xalqımızın güzəranın daha da yaxşı olmasına çalışacaq. Mən inanıram ki, Azərbaycanı gələcəkdə çox böyük uğurlar gözləyir. Məşhur azərbaycanlı filosof Əbu Turxan deyir ki, “İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır”. Bizim mühitimiz də günü-gündən işıqlanır... Gözəlləşir.

Qabil İBRAHİMLİ,
aktyor-jurnalist

P.S. Böyük filosof Flober deyirdi ki, “Hər şey, hər şey, hətta dərdlər də köhnəlir”. Mənə çox xoş gələn o oldu ki, Məlahət xanım Ağayeva bəziləri kimi gileyli, güzarlı olmadı. Heç bir kəs üçün heç yazmasam da, arxasıyca heç nə danşmadı. Həmişə olduğu kimi hamıyla xoş münasibətdə olduğunu bildirdi. Gələcəyə də çox ümidlə, nikbin baxırdı. Təki bundan sonra bütün arzularınız çin olsun Məlahət xanım. Qoy Ulu Tanrı sizi və millətimizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə