Poltava şəhərində Novruz bayramı münasibətilə konsert keçirilib

Ukraynanın Poltava şəhərində Novruz bayramı münasibətilə konsert keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının Poltava təşkilatının tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə səfirliyin diplomatları, şəhərin diaspor fəalları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl çıxış edən Ukrayna Azərbaycanlıları Radasının Poltava şəhər təşkilatının sədri Füzuli Qəmbərov bildirib ki, bu ölkədə yaşayan soydaşlarımız Novruz ənənələrini yaşadırlar. Ukrayna müharibə şəraiti olmasına baxmayaraq, müxtəlif şəhərlərdə soydaşlarımız Novruz bayramı ilə bağlı tədbirlər keçirirlər.

Səfirliyin əməkdaşı Pərviz Əsədov çıxışında diqqətə çatdırıb ki, ilk dəfədir Novruz bayramı Azərbaycanın bütün suveren torpaqlarında, o cümlədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun şücaəti nəticəsində azad olunmuş Xankəndidə, Xocalıda qeyd edilir.

Digər çıxış edənlər Novruz tədbirinin keçirilməsini yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində qonaqlar Azərbaycanın mədəni irsi ilə Novruzun vəhdətini təcəssüm etdirən milli atributlarımız və eksponatlarla tanış olub, bayram şirniyyatlarından dadıblar.

Konsertdə diaspor nümayəndələri ilə yanaşı, Poltava, Krimunçuk və başqa şəhərlərdə yaşayan azərbaycanlılar da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə