Berlindəki “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi Novruz şənliyi təşkil edib

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin üzvləri üçün Novruz bayramı şənliyi keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Mədəniyyət Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin ana dili kursunun şagirdləri bayrama aid şeir və mahnılar səsləndirib, “Ritm” rəqs qrupunun üzvləri isə milli rəqslərimizi ifa ediblər.

Ötən Novruz çərşənbələrində milli adət-ənənələrimizi öyrənən uşaqlar bu tədbirdə onları əyani şəkildə nümayiş etdiriblər. Uşaqlar “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badliouri və Azərbaycan dili müəllimi Xəyalə Çiftçi ilə səməni qoyub, yumurta boyayıb, yumurta döyüşdürüb, milli şirniyyatlarımızı hazırlayıb, xonçalar bəzəyib və papaq atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə