“Novruzda papaq atmaq namussuzluq deyil” - FİLOLOQ AÇIQLADI

“Novruz bayramının adət-ənənələri haqqında yalnız folklorşünaslar rəy bildirə bilər”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev deyib.

Şakir Albalıyev bildirib ki, bəzən bilib-bilmədən adət-ənənələr barədə yanlış fikir söyləyirlər: “Novruz bəşəriyyətlə yaşıd bir bayramdır. Bu gün Novruza xarici düşüncə ilə yanaşırlar və deyirlər ki, papaq atmaq namussuzluqdur. Bu, tamamilə yanlış düşüncədir. Bu, mifik dünya görüşünün məhsuludur və buna görə də üzərimizə düşən vəzifə bu ənənələrin mahiyyətini izah etməkdən ibarətdir.

Hətta bəzən deyirlər ki, Novruzda papaq atmaq ənənəsini sovet hökuməti qəsdlə gətirib. Başa salıram ki, sovet hökuməti Novruz bayramın qeyd etməyə icazə vermirdi. Papaq atmaq xalqın öz ifadəsidir. Bunun öz mifoloji mahiyyəti var. Adətən yetkin və azyaşlı uşaqlar, hətta böyüklər də papaq atırlar. Lap əvvəllər evlərin bacasından şal da sallayıblar. Burada qəbahətli bir şey yoxdur.

Novruzda yaşanan qeyri-adiliklər bu bayramı sevdirir. Papaq atmağa namussuzluq, qapı pusmağa mədəniyyətsizlik deyib, bu bayramdan imtina edə bilmərik. Ona qalsa, gərək üstündən xətt çəkib deyək ki, Novruz bizim bayram deyil. Bu kimi məsələlər gen təşkil edir. Novruz adətlərində oğlanlar qız, qızlar da oğlan paltarı geyinib qapı-qapı gəzirdilər. Bu gün belə geyinənlərə gülürlər. Bunlar hamısı sistem təşkil edir və Novruzun mahiyyətidir, mifoloji dünya görüşünün sirləri və əlamətləridir. Bu bayram müasir dövrlərin yox, əsrlərin məhsuludur.

Qapı-qapı düşüb pay yığmaq da dilənçilik deyil. Bu ənənələr bir gün olur elə həmin gündə də qalır. Təbiət təzələndiyi kimi, insanlar da özünü təbiətlə eyni sferaya qoyub yeni paltarını geyinib təzələnir. Bütün bu mərasimlər xoş aura yaradır.

Papaq atılan evlərdən içərisinin nemətlərlə doldurulması bərəkət rəmzi kimi xarakterizə oluna bilər. Papağın qeyrət, namus rəmzi olması sonrakı düşüncənin məhsuludur. Papaq insanın bədənin ən yüksək yeri olan başa qoyulan bir rəmzdir. Papaq şahlarda taxt-tacı işarə edən bir simvoldur. Bir sözlə, papaq atmaq ənənəsinin əleyhinə getmək yanlış düşüncədir. Saf niyyətlə, təmiz ürəklə atılan papaq da, gecə qapı pusmaq da xoş auraya yol açır.

Şakir Albalıyev Güney Azərbaycanda da eyni adət-ənənənin olduğuna diqqət çəkib: “Əvvəllər Güneydə evlərin bacasından şal sallayırmışlar. İndiki evlər müasirdir, o dövrdə bacalardan şal sallayıb, papaq və torba atırmışlar. Bunlar hamısı paralel simvollardır. Hətta Məhəmmədhüseyn Şəhriyar şerlərində şal sallamaq ifadəsi işlədib. Məsələn:

Ay nə gözəl qaydadır şal sallamaq,

Bayramlığı bel şalına bağlamaq

Yəni bu adət-ənənə Azərbaycanın bütün bölgələrində özünü göstərir. Folklorda xalq adət-ənənəsi şəhərdən çox kənd yerlərində yaşayır. Qədim Novruzun çərşənbələrini keçirən bölgələrdə bu ənənələr mühafizəkarlıqla qorunub saxlanılıb. Təəssüflər olsun, mətbuatda elə ziyalıları danışdırırlar ki, onun fikirləri kütləyə mənfi mənada sirayət edir. Bu da bayramı süniləşdirir, bilərəkdən və ya bilməyərəkdən Novruz bayramına vurulan zərbədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə